Azərbaycan Pakistana daha 2 milyon dollar yardım göstərəcək

 

Yanvarın 9-da Cenevrədə BMT və Pakistanın birgə təşkilatçılığı ilə “İqlimə davamlı Pakistan” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın məqsədi ötən ilin avqust ayında Pakistanda baş vermiş təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasına və yenidənqurma işlərinin həyata keçirilməsinə dəstək məqsədilə lazımi maliyyə resurslarının cəlb edilməsidir.

Tədbirin açılış hissəsində təşkilatçı qismində Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif və BMT-nin Baş katibi Antonio Quterreş çıxış edib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomüraciəti yayımlanıb.

46 ölkə, eləcə də 48 beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti institutu nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov videokonfrans vasitəsilə çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, çıxışda dost və qardaş Pakistan xalqının ağrı-acısının hər zaman Azərbaycan tərəfindən bölüşüldüyü vurğulanıb. Qeyd olunub ki, 2010-cu ildən etibarən bu ölkədə müxtəlif vaxtlarda baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 7 milyon dollara yaxın yardım göstərilib. Dost ölkənin tarixinin ən ağır təbii fəlakəti hesab edilən son daşqınların səbəb olduğu dağıntıların aradan qaldırılmasına dəstək olaraq 2022-ci ilin avqust ayında Azərbaycanın Pakistana 2 milyon dolları məbləğində maliyyə yardımı edib. Nazir müavini həmçinin diqqətə çatdırıb ki, fəsadların miqyası nəzərə alınaraq Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, Pakistana əlavə 2 milyon dollar həcmində humanitar məqsədli maliyyə yardımı göstəriləcək.

Qeyd edək ki, 2022-ci ildə baş vermiş daşqınlar Pakistanda 15 min insanın ölümünə və yaralanmasına, eləcə də 33 milyon insanın köçkün düşməsinə səbəb olub.