Azərbaycanlı ekofəallar və könüllülərin Şuşa şəhəri yaxınlığında, Laçın-Xankəndi yolu üzərində dinc aksiyası havanın qarlı-şaxtalı olmasına baxmayaraq, yanvarın 10-da, otuzuncu günündə davam edib.

2022-ci il dekabrın 12-dən başlayan aksiyanın əsas tələbi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində ermənilər tərəfindən təbii sərvətlərin qanunsuz istismarına son qoyulması və Azərbaycanın aidiyyəti qurumlarının həmin ərazilərdə monitorinqinə imkan yaradılmasıdır. İştirakçılar bununla bağlı plakatlar qaldırır, şüarlar səsləndirirlər.

Aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri Laçın-Xankəndi yolu ilə maneəsiz hərəkət edirlər.

Aksiya yerində işğaldan azad olunmuş ərazilərimizdə ermənilərin törətdiyi vəhşilikləri əks etdirən fotolardan ibarət plakatlar da nümayiş olunur.