Yanvarın 12-də Bakıdakı Rus Evində (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – RİMM) “Klassika dünyasına musiqili səyahət” adlı konsert keçiriləcək.

RİMM-in mətbuat xidmətindən verilən məlumata görə, konsertdə vokalçılar Fidan Dəmirova və Zümrüd Davudova, pianoçu Nərgiz Əliyeva çıxış edəcəklər.

Vokalçı Fidan Dəmirova (kontralto) Bakı Musiqi Akademiyasını bitirib, hazırda Moskvada yaşayır. Qalina Vişnevskayadan Opera İfaçılığı Mərkəzində təlim keçib. Azərbaycanda, eləcə də xaricdə uğurla reallaşan musiqi layihələrində iştirak edib.

Zümrüd Davudova (soprano) Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, beynəlxalq festival və müsabiqələrin laureatıdır.

Əməkdar artist Nərgiz Əliyeva dəfələrlə xaricdə keçirilən konsert və festivallarda çıxış edib. Hazırda Qara Qarayev adına Azərbaycan Kamera Orkestrinin bədii rəhbəridir.

***

Qeyd edək ki, Bakıdakı Rus Evinin yanvar ayı proqramında maraqlı mədəniyyət tədbirləri yer alıb. Yanvarın 13-də Bakıdakı Rus Evində Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçısı olan istedadların iştirakı ilə “Qış fantaziyası” konserti olacaq. Ayın 22-də Vladimir Vısotskiyə həsr olunmuş musiqili qiraət gecəsi, yanvarın 29-da “Azərbaycan və Rusiya xalqlarının dostluq klubu”nun gənc istedadlarının sərgisi keçiriləcək.