İyun ayı ərzində Mədəniyyət və Turizm Nazirliyi ölkəmizi iki beynəlxalq turizm sərgisində təmsil edəcək. Nazirliyin Turizm şöbəsindən aldığımız məlumata görə, sərgilərdən birincisi iyunun 7-dən 10-dək Koreya Respublikasının paytaxtı Seulda keçiriləcək.
«KOTFA-2012» adlı sərgidə iştirak etmək üçün nazirliyin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Xarici turizm sektorunun məsləhətçisi Səid Rüstəmov, nazirliyin kollegiyasının məsul katibi, baş məsləhətçi Tahirə Əliyeva, ölkəmizdə fəaliyyət göstərən «Regea», «Millennium Tourism&Congress DMC», «ENC Tours», «İmprotex Travel» turizm şirkətlərinin əməkdaşlarından ibarət nümayəndə heyəti bu ölkəyə yola düşəcək.
Sərgidə Azərbaycanın turizm potensialının nümayiş etdirilməsi üçün 27 kvadratmetrlik lövhə icarəyə götürülüb. Burada ziyarətçilərə ingilis dilində hazırlanmış 23 adda reklam-çap məhsulları təqdim olunacaq. Ölkəmiz ikinci dəfədir ki, KOTFA sərgisində iştirak edir.
* * *
Azərbaycanın turizm imkanlarının təqdim ediləcəyi ikinci tədbir 14-17 iyun tarixlərində Çin Xalq Respublikasının Honkonq şəhərində keçiriləcək «İTE and MİCE-2012» sərgisidir. Bu sərgidə də ölkəmizin turizm imkanları 27 kvadratmetrlik sahədə nümayiş olunacaq. Azərbaycanın ikinci dəfə təmsil olunacağı sərgiyə Çin və ingilis dillərində hazırlanmış 24 adda broşür, buklet və CD-lər aparılacaq. Nümayəndə heyətinin tərkibinə nazirliyin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədov, sektorun aparıcı məsləhətçisi Leyla Verdiyeva, Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçisi, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva, «Azərbaycan Revyü» jurnalının baş redaktoru Larisa Cavanşir, «Büllur Tour», «İmprotex» turizm şirkətlərinin və «Qallery Hotel», «Exselsior» mehmanxanalarının nümayəndələri daxildir.
Fəxriyyə Abdullayeva