Xocavənd rayonunun işğaldan azad edilmiş Ərəkül (Xətai) kəndi ərazisində Orta əsrlərə aid müsəlman qəbiristanlığı tapılıb.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan bildiriblər ki, bu barədə məlumat ərazidə fəaliyyət göstərən “Caspian Geomatic” MMC-nin əməkdaşları tərəfindən verilib. İnstitut rəhbərliyinin göstərişi ilə Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının əməkdaşı Vüsal Həsənov aidiyyəti qurumların nümayəndələri ilə bərabər əraziyə baxış keçirib. Qədim qəbirlər Ərəkül kəndinin şimalında, təpəliklərin üzərində, torpaq yolun kənarlarında aşkar edilib. Vaxtilə torpaq yolun çəkilişi zamanı təpə üzərində olan məzarlıq ərazisi iki hissəyə bölünüb. Yolun üzərinə düşən qəbirlər zamanında dağıdılıb. Yolun hər iki kənarında, qərb-şərq istiqamətində ən az beş qəbir kamerasını divar kəsiyindən izləmək mümkündür. Su axıntılarından baş verən sürüşmə nəticəsində qəbir kameralarının bir hissəsi tam, digərləri qismən dağıdılıb.
Qəbiristanlığın dövrünü və dəfn adət-ayinlərini müəyyən etmək məqsədilə divarda izlənən qəbirlərdən biri arxeoloq tərəfindən açılıb. Məlum olub ki, yaşlı insana aid olan qəbirdə dəfn İslam qaydalarına uyğun həyata keçirilib. Arxeoloq-antropoloq Vüsal Həsənov tərəfindən skeletlərin ilkin müayinəsi zamanı, məzarlığın Orta əsrlərə (XIII-XV) aid olduğu müəyyən edilib.
Qəbirlərin heç birində yerüstü əlamətlər müşahidə edilmir. Bu da onu deməyə əsas verir ki, uzun zaman ərzində təpəliklərdən gələn axıntılar yeni torpaq qatı formalaşdırıb. Qəbirlərdə yerüstü əlamətlər olduğundan onlar uzun illər diqqətdən kənarda qalıb.
Tarixi məlumatlara əsasən, kənddə XIX əsrin 40-ci illərində Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən köçüb gələn erməni ailələri məskunlaşmışdı. Kənddəki erməni qəbiristanlığı da XIX-XX əsrlərə aiddir. Kəndin ərazisində qədim müsəlman qəbiristanlığının aşkar edilməsi burada müsəlman (azərbaycanlı) əhalinin bu ərazidə çox-çox əvvəldən yaşadığını bir daha sübuta yetirir.