Şəhid leytenant Arif Nuriyevin xatirəsi yad edilib

 

Dağlar diyarı Lerikin igid övladı, leytenant Arif Əsgər oğlu Nuriyev (1971-1994) Birinci  Qarabağ müharibəsində Vətən naminə canından keçərək şəhidlik zirvəsinə yüksəlib. Lerik şəhər 1 saylı Texniki fənlər təmayüllü lisey Arif Nuriyevin adını daşıyır. Məktəbin qarşısında heykəli ucaldılıb. Burada hər il qəhrəmanın şərəfinə tədbirlər keçirilir.

Bu il də şəhidin anım günü (8 yanvar) münasibətilə liseydə geniş tərkibdə tədbir təşkil olundu. Tədbirə liseyin şagirdləri və pedaqoji heyəti ilə yanaşı, Lerik Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Lerik rayonu üzrə Təhsil sektorunun nümayəndələri də qatılmışdı.

Öncə liseydə şəhid leytenant Arif Nuriyevin xatirəsinə yaradılan muzey ziyarət olundu və onun şərəfli həyat yolu, döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan söz açıldı.

Daha sonra tədbir iştirakçıları şəhidin ailə üzvləri ilə birlikdə Arif Nuriyevin məzarını ziyarət etdilər. Məzarın üzərinə gül dəstələri düzüldü.

Şəhidlər ölmürlər, ölümləri ilə əbədilik qazanırlar. Vətən yolunda dastana dönən şəhid leytenant Arif Nuriyev də əbədiyyət yolçusudur...

Zəfər Orucoğlu
Lerik