Aprelin 27-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğlunun “Ədəbi söhbətlər” əsərinin “imza günü” keçirilib.
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə çap olunmuş kitaba müəllifin dünyanın 10 ölkəsinin, o cümlədən respublikamızın tanınmış yazıçı, şair və ictimai-siyasi xadimləri ilə söhbətləri daxil edilib.
Kitabda müəllifin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Xalq yazıçısı Anar, şair, Əməkdar mədəniyyət işçisi Çingiz Əlioğlu, şair Əjdər Ol, eləcə də xarici ölkələrin tanınmış şair və yazarları - Ataol Behramoğlu, Rza Bərahəni, Betty Bleer, Çingiz Bektaş, Rimma Kazakova, Şota Patiaşvili, Gülsüm Çingiz, Hami Çağdaş, Larisa Kadırova və başqaları ilə sənət haqqında maraqlı söhbətləri yer alıb.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri, şair Çingiz Əlioğlu, AYB-in katibi Rəşad Məcid, “Ulduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli, yazıçı-publisist Vaqif Yusifli və başqaları kitabın ölkələr arasında dostluq və anlaşmanın dərinləşməsində əhəmiyyətindən danışıblar. Sonda S.Babullaoğlu “Ədəbi söhbətlər” kitabını öz imzası ilə oxuculara təqdim edib.