Dinc aksiyanın bir ayı tamam oldu

 

Şuşa şəhərinin girişi, Laçın-Xankəndi yolu. Əraziyə güclü qar yağıb. Hava olduqca soyuq və şaxtalıdır. Azərbaycanlı ekofəallar və könüllülərin Şuşa şəhəri yaxınlığında, Laçın-Xankəndi yolu üzərində dinc aksiyası yanvarın 12-də, 32-cü günündə davam edib.

Fəallar bu soyuq havada qəlbləri isidən qətiyyətli görüntüləri ilə əsl vətənpərvərlik nümunəsi ortaya qoyaraq, tarixi salnamə yazırlar.

2022-ci il dekabrın 12-dən başlayan aksiyanın əsas tələbi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində ermənilər tərəfindən təbii sərvətlərin qanunsuz istismarına son qoyulması və Azərbaycanın aidiyyəti qurumlarının həmin ərazilərdə monitorinqinə imkan yaradılmasıdır.

Aksiya başladığı gündən fəallar Qarabağ ərazisində yerləşən bütün faydalı qazıntı yataqlarının Azərbaycanın ümummilli sərvəti olduğunu bildirir, onun yağmalanması və daşınmasının yolverilməz olduğunu dilə gətirirlər. Vətənin bu qəhrəman gəncləri bir aydır sərgilədikləri mövqe ilə dünyanın diqqətini Laçın-Xankəndi yoluna yönəldə biliblər. Bəzi dairələr hazırkı vəziyyətin humanitar böhran yaratdığını deməklə, bunu bir çox beynəlxalq tribunalarda müzakirəyə çıxarırlar. Bütün cəhdlərə baxmayaraq, onlar istədiklərini əldə edə bilmirlər. Aksiya başladığı gündən dünyanın nüfuzlu mətbuat orqanları da mütəmadi olaraq mövcud vəziyyəti diqqətdə saxlayır. Bu da o deməkdir ki, dünya ictimaiyyəti Azərbaycan cəmiyyətinin haqlı tələbini eşidir. Çünki Azərbaycan cəmiyyəti bu aksiya ilə ona məxsus talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasına qarşı çıxır və günlərdir ki, yüksək iradə nümayişi ilə bunu önləməyə çalışır. Çünki bu, onun milli məsələsidir. Ötən bir ayda aksiyaya qoşulan yüzlərlə könüllü bütünlükdə Azərbaycan cəmiyyətinin təmsilçiləridirlər.

Azərbaycan gəncliyi bir aydır gecə-gündüz demədən milli həmrəylik nümayiş etdirərək, xalqa məxsus sərvətlərin necə qoruna biləcəyini Laçın-Xankəndi yolundan dünyaya bəyan edir. Aksiya iştirakçıları nə qədər qətiyyətli olsalar da, humanizm prinsipinə də sadiqdirlər. Odur ki, dinc etirazlar başladığı gündən ərazi humanitar məqsədlər üçün açıq saxlanılır. Bu vaxtadək istər Rusiya sülhməramlılarına aid təminat avtomobillərinin, istər Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin, istərsə də mülki ermənilərin ərazidən keçidinə maneə yaradılmayıb. Ermənistan isə dünyaya heç də siyasi məqsəd daşımayan bu ekoloji, dinc aksiyanı humanitar fəlakət kimi yaymaqla məşğul olur. Ancaq Azərbaycan digər məsələlərdə olduğu kimi, bu məsələdə də Ermənistanın avantürist iddialarını, böhtan xarakterli açıqlamalarını alt-üst edir. Qarabağ bölgəsində baş verə biləcək hər hansı hadisəyə münasibət bildirmək, adekvat tədbirlər görmək Azərbaycanın suveren hüququdur. Hətta bu bölgədə yaşayan bütün erməni sakinlərin hüquq və təhlükəsizliyi məsələsi də Azərbaycanın daxili işidir. Buna görə də, Ermənistanın Azərbaycanı ittiham etməsi əsassızdır, bu barədə danışmağa haqqı çatmır.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın aidiyyəti qurumlarının mütəxəssis heyəti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.