AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərlinin “Bəxtiyar Vahabzadə: həyatı, mühiti və yaradıcılığı” monoqrafiyası çapdan çıxıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru və “Milli istiqlal şairi Bəxtiyar Vahabzadə” adlı ön sözün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Nəşrin məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, rəyçiləri fəlsəfə elmləri doktoru Rahid Ulusel və filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoydur.

Monoqrafiyada müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, dramaturq, Xalq şairi Bəxtiyar Vahabzadə (1925-2009) yaradıcılığının milli və bəşəri qaynaqları, mövzu, ideya-məzmun və bədii forma mündəricəsi, ədibin azərbaycançılıq, türkçülük və dinçilik baxışları, milli məfkurə uğrunda mücadiləsi ədəbi-fəlsəfi və ideoloji kontekstdə təhlil edilib.