Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Türk ad və soyadlarının transliterasiyası” mövzusunda dəyirmi masa keçirilib.

Mərkəzin direktoru Sevinc Əliyeva antroponimlərin mənsub olduğu xalqın tarixini, mədəniyyətini, dini etiqadını, adət-ənənələrini əks etdirən vahidlər kimi dilin lüğət tərkibinin mühüm hissəsini təşkil etdiyini bildirərək ad və soyadların transliterasiyası sahəsində xeyli qüsur və nöqsanların olduğunu qeyd edib.

O, mövzunun aktuallığını vurğulamaqla KİV-də işlənən Avropa və türk mənşəli antroponimlərin yazılışındakı variantlılığın aradan qaldırılmasının, sözlərin yazıda dilimizin səs tərkibinə uyğun şəkildə ifadəsinin təmin edilməsi işində mütəxəssislərin iştirakının zəruriliyini bildirib.

Mərkəzin şöbə müdiri dosent Şahlar Məmmədov fonetik transkripsiya yolu ilə transliterasiya probleminin tam həll olunmaması səbəbindən xarici adların da yazılışı və tələffüzündə pərakəndəliyin hökm sürdüyünü, mövcud transliterasiya standartlarının praktik baxımdan yetərli olmadığını qeyd edib, ad və soyadların türk dilindən dilimizə transliterasiyasında bəzi mübahisəli məqamların mövcudluğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, bəzən müvafiq səslərin konvertasiyası və sözlərin transliterasiyası məna təhrifinə səbəb olur. Bu baxımdan sözügedən antroponimlərin mənbə dildəki kimi yazılması daha məqsədəuyğundur.

Dosent Şahlar Məmmədov Monitorinq Mərkəzinin apardığı monitorinqlərin nəticələrinə əsasən, transliterasiya sahəsində vahid prinsiplərin olmamasını qeyd etməklə, müasir türk dillərinin fonetik sistemində ümumi cəhətlərlə yanaşı, fərdi xüsusiyyətlərin nəzərə alınmasının zəruriliyini bildirib.

Müzakirədə çıxış edən mütəxəssislər türk ad və soyadlarının transliterasiya istiqaməti üzrə vahid transkripsiya normalarının hazırlanması, transliterasiya prinsiplərinin müəyyənləşdirilməsi, türk ad və soyadlarının transliterasiya lüğətinin hazırlanması və s. məsələlər barədə söz açıblar.