Parisdəki Alfred Cortot adına Musiqi Məktəbində (Ecole Normale de Musique de Paris “Alfred Cortot”) təhsil alan azərbaycanlı fleyta ifaçısı Ağarəhim Quliyev Berlin Filarmonik Orkestrinin solisti Emanuel Pahudun ustad dərsində ən yüksək kateqoriyalı üç ifaçıdan biri olub.

Məktəbin konsert zalında keçirilmiş ustad dərsində Ağarəhim Quliyev fleyta repertuarının ən çətin əsərlərindən olan S.Prokofyevin “Fleyta üçün sonata”sını ifa edib. Azərbaycanlı tələbənin ifası fransız tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Emmanuel Pahud Berlin Filarmonik Orkestrinin birinci fleytaçısıdır. Onun albomları “Warner Classics”, “Erato”, “Deutsche Grammophon” kimi məşhur səsyazma studiyalarında yazılıb.

Prezident təqaüdçüsü və mükafatçısı Ağarəhim Quliyev Parisdə “Alfred Cortot” adına Musiqi Məktəbində təhsilini davam etdirir.