Milli-mənəvi düşüncəmizin ana qaynaqlarından olan ozan-aşıq sənəti öz tarixi-mədəni gələnəyi ilə arxaik yaddaşda olanları qoruyub gələcəyə daşımağı bir məram olaraq qarşısına qoymuşdur. Zəngin dastan söyləyiciliyi, saz havalarının çeşidliliyi, rəngarəng biçimli poetik örnəklərin ecazkarlığı, məclis ədəb-ərkanı və kutsal sənət ənənəsi, toplumun ruhani dünyasının ifadəyə köklənmə bunun parlaq göstəricisidir. Aşıq deyişmələrinin isə bu möhtəşəm zənginlikdə poetik status və funksiyası bir başqa olub, sənətin ümumi ahənginə əlavə ovqat qatması ilə daha çox səciyyələnir. Bu zənginliyin kitab şəklində geniş ictimaiyyətə təqdim olunması folklorşünaslığın ən ümdə mənəvi borcu kimi diqqət önünə gəlir.
Son dövrlərdə Azərbaycan Aşıqlar Birliyi bu istiqamətdə diqqətəlayiq işlərə imza atmış, bir-birindən maraqlı nəşr layihələri həyata keçirmişdir. Ötən il birlik tərəfindən “Aşıq deyişmələri” toplusu işıq üzü görmüşdür.
Professorlar Məhərrəm Qasımlı və Mahmud Allahmanlı nəşrə “Aşıq deyişmələri: səciyyəsi, mərhələləri və poetik çeşidləri” adlı giriş sözü yazmışlar. Aşıq sənətində deyişmənin yeri, funksional çəkisi, məramı və nələri ehtiva etməsi, mərhələləri haqqında dolğun təsəvvür formalaşdıran bu məqalə-yazı problemə türk xalqları kontekstində yanaşma xüsusiyyəti ilə daha mühüm əhəmiyyət kəsb edir.
Ön sözdə deyilir: “Türk etnocoğrafiyasının ayrı-ayrı kəsimlərində “aytıs”, “aytıspa”, “atışma” şəklində özünü göstərən bu sənət hadisəsi Azərbaycan aşıq ədəbiyyatında “deyişmə” adı ilə tanınmaqdadır. Əslində, “aytıs”, “aytıspa” və “atışma” adları da öz linqvopoetik səciyyəsinə görə elə “deyişmə” anlamının tarixi məzmununu ifadə edir. Belə ki, “aytıs”, “aytıspa” və “atışma” kəlmələri qədim türklərdəki “ayıtmaq” (demək, söyləmək) kökünə bağlıdır: “aytıs-deyiş”, “aytıspa-deyişmək”, “atışma”-deyişərək, bir-birinə meydan oxuyaraq söz savaşına çıxmaq” məzmunu daşıyır. Bu səbəbdən də qazax jırav və akınının “aytısı”, qırğız jırsı və yomokçusunun “aytıspası”, eləcə də türkmən baxşılarının və Anadolu aşıqlarının “atışması” mahiyyət etibarilə Azərbaycan “aşıq deyişməsi” ilə eyni sənət kodları üzərində qurulmuşdur. Uzaq tarixlərdə olduğu kimi, bu günün özündə də qazax, qırğız, türkmən, özbək, eləcə də Anadolu və Azərbaycan folklor areallarında müşahidə olunan aytıspa-atışma-deyişmə mərasimlərindəki yaxınlıq və doğmalıq elə ilk baxışdan aydınca görünməkdədir”.
Qeyd edək ki, bu kitaba qədər isə nəşr olunan “Aşıq gözəlləmələri”, “Aşıq təcnisləri”, “Aşıq müxəmməs və divaniləri”, “Ustad nəfəsli saz-söz ərməğanı”, “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər”, “Ozan-aşıq ensiklopediyası” (iki cilddə) və s. bu istiqamətdə görülən işlərin miqyasını ifadə edir. Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının rəhbərliyi altında həyata keçirilən bu nəşr layihələri saz-söz ustadlarının zəngin mənəvi irsinə sayğının nəticəsi olub, mədəni-mənəvi yaddaşımızın daha geniş ictimaiyyətə çatdırılması məqsədi daşıyır.
“Aşıq deyişmələri”ndə nümunələr “Dastanlarda və dastan-rəvayətlərdə yer alan hərbə-zorba və sorğu-sual yüklü aşıq deyişmələri”, “Dastanlardakı digər deyişmə çeşidləri (duet deyişmələr)”, “Mifoloji səciyyəli deyişmələr”, “Ustad aşıqların dastandankənar deyişmələri”, “Aşıqlarla şairlərin deyişmələri”, “Məcazi-simvolik məzmunlu deyişmələr”, “Təbiət varlıqları ilə aşıqların deyişmələri”, “Aşıq şeir şəkillərinin bir-biri ilə deyişməsi”, “Bayatı üstündə qurulan deyişmələr”, “Ailə-məişət səpkili deyişmələr”, “Ustad aşıqların qurduqları qıfılbəndlərə çox sonralar verilən açıqlama-cavablar” başlıqları altında verilmişdir.
M.Qasımlının, M.Allahmanlı və dosent Altay Məmmədlinin birgə hazırladıqları topluda ustad sənətkarların deyişmə timsalında hansı prinsiplərə kökləndiyini, məram və məqsədində olanların nələrə bağlandığını aydınlaşdırmaq və dəqiqləşdirmək baxımından əhəmiyyət kəsb edir. “Yetim Aydın”, “Qurbani”, “Abbas və Gülgəz”, “Şah İsmayıl”, “Xəstə Qasım və Mələksima”, “Valeh və Zərnigar”, “Novruz və Qəndab”, “Aşıq Alının Osmanlı səfəri”, “Aşıq Hüseyn və Reyhan xanım”, “Dollu Mustafa və Maral xanım”, “Məhəmməd və Güləndam”, “Leyli və Məcnun”, “Dilsuz və Xəzangül”, “Şəmşir və Sənubər”, “Bəhmən və Humay”, “Avdı və Mehriban”, “Qaratel və Aşıq Cəlal” və s. dastanlarda yer almış deyişmə nümunələri sənət ənənəsinin mükəmməlliyini və özünü ifadə kodu olaraq təsəvvür formalaşdırma kriteriyasını açıqlayır. Müxtəlif zaman kəsiklərində ustadların zəkasının məhsulu olaraq meydana gəlmiş bu şedevrlər çoxçalarlı və əhatəli informasiya, bilgi qatı ilə mifoloji dünyagörüşü, dini-fəlsəfi, tarixi-mədəni axarı əhatələmək imkanları ilə də əvəzsizlik sərgiləyir.
Ustad sənətkarların həyatı, yaradıcılığı, səfər təəssüratı, sənət yükü, söz//musiqi//söyləyici səviyyəsində geniş bir təfsilatı ortaya qoyan bu nümunələrdə Qurbaninin Dədə Yediyarla Gəncədə, Xəstə Qasımın Ləzgi Əhmədlə Dərbənddə, Abdalgülablı Valehin Zərnigar xanımla Dərbənddə, Aşıq Alının Aşıq Yığvalla Rumda və s. qarşılaşması sənət ənənəsinin zənginliyini gözlər önünə gətirir. Çağırış-məktubdan hərbə-zorbaya, bağlama-qıfılbəndə qədər geniş bir fakturanı özündə sərgiləyən deyişmə ustadların sənət yükünü, ustaddan kamil dərs almanı, havacatlara bələdliyini, səs və ifa imkanlarını, bədahətən söz demə bacarığını və s. bir bütöv olaraq əhatələyir. Bütün bunlar isə sənətin uca tutulmasına yönəlik bir məsələ kimi Orta əsrlərdən günümüzə qədər aşıqlığın mizan-ölçüsü səviyyəsində ciddi təsəvvür formalaşdırır.
“Ustad aşıqların dastandan kənar deyişmələri” başlığı altında Xəstə Hasanla İrfani, Qul Qarani, Aşıq Sefilinin, Aşıq Valehlə Aşıq Süleymanın, Aşıq Qənbərin, Aşıq Alı ilə Aşıq Ələsgərin, Aşıq Hüseyn Şəmkirli ilə Aşıq Ələsgərin və s. deyişmələri, müəmmaları, qıfılbəndləri diqqətə çatdırılır.
Topluda əhəmiyyət kəsb edən məsələlərdən biri bu ənənənin aşıq və şairlərin qarşılaşması timsalında olanlara həssaslıq göstərilməsidir. Bunların bir qismi, sözün müstəqim mənasında, iki aşığın sənət meydanında deyişməsi səciyyəsi daşıyırsa, digər bir qismi, müxtəlif problemlər ətrafında fikir bölüşməsi, söhbətləşməsi timsalında əhəmiyyət kəsb edir. Məsələn, Bəyçobanla Şəmkirli Hüseynin, Xəyyat Mirzə ilə Molla Cumanın, Hüseyn Bozalqanlı ilə Xəyyat Mirzənin, Şair Nəbi ilə Göyçəli Pirməmmədin, Səməd Vurğunla Aşıq Şəmşirin, Osman Sarıvəlli ilə Hüseyn Bozalqanlının, Aşıq Əsədin, Aşıq Mirzənin və s. deyişmələri sənət ənənəsinin dönməzliyini, etnokulturoloji sistemin mükəmməlliyini əhatələyir. Kitabda toplanmış deyişmə nümunələri mövzu və mündəricə çeşidliliyi ilə də diqqət çəkir. “Nəfs və mərifətin deyişməsi”, “Ağılla eşqin deyişməsi”, “Qafiyə ilə təcnisin deyişməsi”, “Qız ilə gəlinin deyişməsi”, “Molla Cuma ilə dabbağın deyişməsi” və s. kimi örnəklər yaradıcılıq axtarışlarında deyişmənin məzmun və mövzu genişlənmələrini göstərmək baxımından da dolğun təsəvvür yaradır.
“Ustad aşıqların qurduqları qıfılbəndlərə çox sonralar verilən açıqlama-cavablar” bölməsində isə zamanında açılmamış bağlama-qıfılbəndlərə verilən cavablar yer alır. Məsələn, “Şair Nəbi Borçalının Aşıq Ələsgərin qıfılbəndinə cavabı”, “Qaraçöplü Aşıq Musanın Qurbaninin “Dördü nə?” rədifli bağlamasına cavabı”, Xəstə Qasımın “Var” rədifli bağlamasının Qaraçöplü Aşıq Musa tərəfindən açması”, “Qurbaninin “Dördü nə?” bağlamasını Urfan Əlinin (Əli Quliyevin) açması”, “Aşıq Ələsgərin “Yeddidi” bağlamasını U.Əlinin açması” və s. sənət ənənəsinin davamlılığını və yaradıcılıq axtarışlarının dinamik mənzərəsini ortaya qoyur.
Şəbnəm Haqverdiyeva
AMEA Folklor İnstitutunun əməkdaşı