Bölgələrdəki mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı anım tədbirləri təşkil olunub.

Şəki RMİ üzrə Şəki şəhər 2 nömrəli Musiqi məktəbinin təşkil etdiyi tədbirdə çıxış edənlər 20 Yanvar faciəsinin ağrı-acılarından, azadlıq üçün canından keçən qəhrəmanlardan söhbət açıblar.

***

Sabirabad RMİ Sabirabad Rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilən sərgi hazırlanıb. Sərgidə istiqlal mübarizəsinə qalxan xalqımıza qarşı törədilən qanlı faciəni əks etdirən fotolar, kitablar, eləcə də dövri mətbuatda dərc olunan məqalələr yer alıb.

***

Şəmkir RMİ-nin əhatə etdiyi Daşkəsən rayonundakı Heydər Əliyev Mərkəzində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda seminar keçirilib. Çıxışlarda 20 Yanvar hadisələrinə Ulu öndər tərəfindən verilən siyasi qiymətdən söz açılıb. Mərkəzin foyesində uşaq, yeniyetmə və gənclərin əl işlərindən ibarət “20 Yanvar milli qürur günümüzdür” adlı rəsm sərgisi nümayiş olunub.

***

Ağstafa RMİ-nin tabeliyindəki Qazax Rayon Mədəniyyət Mərkəzində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib. Bildirilib ki, Ümummilli lider həmin günü xalqımızın qürur günü və tarixi qəhrəmanlıq nümunəsi kimi qiymətləndirib.

***

Masallı RMİ-nin tabeliyindəki Masallı Rayon Heydər Əliyev Mərkəzində “Qara Yanvar”ın ildönümü münasibətilə kitab sərgisi təşkil olunub.

Masallı Dövlət Rəsm Qalereyasında isə “Qanlı şənbə” adlı sərgi keçirilib. Rəsm dərnəyi üzvlərinin əl işləri və fotolar nümayiş etdirilib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyində Mahmudavar kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə “Unudulmaz tarix” mövzusunda tarix dərsi keçirilib.

Yardımlıdakı Heydər Əliyev Mərkəzində isə “Qanlı Yanvar” – 33” adlı sərgi təşkil edilib. Ayın sonunadək davam edəcək sərgidə faciə haqqında məlumat, məşum gecənin qurbanlarının fotoları, vətənpərvərlik mövzusunda kitablar nümayiş olunur.

N.Məmmədli