Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsində azad edilmiş ərazilərin “yaşıl enerji” imkanlarını bir daha nəzərə çatdırıb

 

Azərbaycanın 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərində 10 qiqavatlıq külək və günəş enerjisi imkanları mövcuddur. Bundan əlavə, ölkəmizin quruda 27 qiqavatlıq külək və günəş enerjisi potensialı var. Həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Yəni, 200 qiqavata yaxın potensial var. Əlbəttə ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Biz bütün bu layihələri mərhələli şəkildə icra edirik.

Prezident İlham Əliyev Azərbaycanın “yaşıl enerji” potensialı ilə bağlı rəqəmləri yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında, Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxışı zamanı diqqətə çatdırıb.

“Yaşıl enerji” mənbələrini hərəkətə gətirmək və bununla beynəlxalq enerji müstəvisinə yeni çıxışlar əldə etmək Azərbaycanın hədəflərindən biridir. Dövlət başçısı bildirib ki, ölkəmiz bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmir. Azərbaycan enerji təhlükəsizliyini hələ bir neçə il əvvəl təmin edib və bu gün Azərbaycan nəinki öz tələbatlarını təmin edir, həmçinin xaricə enerjisi ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramla biz bu sahədə ixracı şaxələndirəcəyik. Eyni zamanda iqtisadiyyatın yeni ekoloji təmiz sektoru yaranacaq.

Bununla bağlı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin “yaşıl enerji” imkanlarına dünyanın diqqətini çəkmək xüsusi əhəmiyyət kəsb edir. 100-dən çox ölkənin qatıldığı Əbu-Dabi Dayanıqlılıq Həftəsi bu baxımdan mühüm beynəlxalq platformadır. Bu, həmçinin potensial investorların nəzərini Azərbaycanın azad edilmiş ərazilərinə yönəldilməsi üçün əlavə fürsətdir. Təbii ki, bu xüsusda Ərəb dünyası və ayrılıqda Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq üçün imkanlar var. Prezident İlham Əliyevin səfəri çərçivəsində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında “yaşıl enerji” (günəş və külək) üzrə imzalanan saziş də bunun göstəricisidir.

Qeyd edək ki, son illərdə Azərbaycanın beynəlxalq aləmdə bir sıra vektorlarda, o cümlədən ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Burada, təbii ki, tarixi-mədəni bağlılıq da var. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında memorandum imzalanıb və ölkəmiz qurumda müşahidəçi statusuna  malikdir. 2014-cü ildə Ər-Riyadda keçirilmiş birinci “Ərəb Dövlətləri Liqası – Orta Asiya – Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumu”nun yekunu olaraq qəbul edilmiş bəyannamədə Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi vurğulanmışdı. Bəyannamədə Prezident İlham Əliyevin təşəbbüskarı olduğu Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti də qeyd edilmişdi. 2022-ci ilin iyununda keçirilən IX Qlobal Bakı Forumuna iştirak edən Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul Qeyt də qatılmışdı. Ötən ilin noyabrında isə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında fəxri qonaq statusunda çıxış etdi.

Azərbaycan dünyada güclənən islamofobiya meyillərinə qəti şəkildə qarşı çıxır. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan “Bakı Prosesi” müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə təkan verib. Bu çərçivədə Azərbaycan tərəfindən təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu BMT səviyyəsində önəmli beynəlxalq platforma kimi tanınıb.

Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir.

Azərbaycanın yaxşı münasibətlərə malik olduğu ərəb dövlətlərindən biri də Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Ölkələrimiz arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Siyasi dialoq və beynəlxalq müstəvidə qarşılıqlı dəstəyə gəlincə, bu yaxınlarda BMT Təhlükəsizlik Şurasında Laçın-Xankəndi yolu ətrafında vəziyyətə dair mətbuat bəyanatının layihəsi ilə əlaqədar BƏƏ-nin TŞ-nin qeyri-daimi üzvü kimi obyektiv mövqe nümayiş etdirməsini qeyd edə bilərik.

İki ölkə arasında əməkdaşlığın önəmini Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışında da diqqətə çatdırıb. “Bu mühüm toplantıda iştirak etmək üçün məni dəvət etdiyinə görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə təşəkkürümü bildirmək istəyirəm. Bu auditoriya qarşısında çıxış etməkdən böyük şərəf hissi duyuram. Dünən bizim cənab Prezidentlə əla görüşümüz oldu. Bu, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin bir çox sahədə strateji əhəmiyyətini bir daha təsdiqlədi”, – deyə İlham Əliyev vurğulayıb.

Azərbaycan Prezidenti SOCAR və “Masdar” arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşmanın önəmini də qeyd edib: “Bu, hələ qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir”.

Dövlət başçısı bildirib ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Digər sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik.

Qeyd edək ki, 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Əbu-Dabi Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip – qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir.

Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir.