Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1972-ci il 15 may
Azərbaycan KP MK-nın plenumu. Birinci katib Heydər Əliyevin plenumundakı məruzəsindən:
“...Mədəniyyətdə milli və beynəlmiləl xüsusiyyətlərin qarşılıqlı əlaqəsi problemlərini bütün təbliğat vasitələri ilə geniş izah etmək çox vacibdir, göstərmək lazımdır ki, millilik anlayışının özü dəyişir və zənginləşir, cəmiyyətlə birlikdə inkişaf edir...
...Respublikanın zəhmətkeşləri şəhər və kəndləri abadlaşdırır, yaşıllaşdırırlar. Onlar bu işə böyük zəhmət sərf edir, yaradıcılıqla yanaşır, doğma ölkəyə əsil məhəbbətlərini ifadə edirlər... Rəssamlar və arxitektorlar ittifaqları şəhər və kəndlərin tərtibatında yaxından iştirak etməlidirlər. Yeri gəlmişkən, onu da demək lazımdır ki, yaradıcılıq təşkilatlarımız yubiley suvenirlərinin hazırlanmasında daha çox fəallıq göstərməli, ən başlıcası isə, bu işə tələbkarlıqla yanaşmalıdırlar. Təəssüf ki, həmin məmulatın tərtibatında çox vaxt zövqsüzlüyə, hətta xalturaya yol verilir...”.
1972-ci il 6 iyun
Heydər Əliyev Bakıda Nəriman Nərimanovun abidəsinin açılışında nitq söyləyib.
“...Nəriman Nərimanov bir siyasi rəhbər və təşkilatçı kimi özünün bütün istedadı, qəlbinin bütün hərarəti ilə xalqa xidmət etmişdir...Nəriman Nərimanov kütlələr arasında iş aparmaqdan çox böyük həzz alır, xalqla daim ünsiyyətdə olmağa böyük ehtiyac hiss edirdi.
...Nəriman Nərimanov bu gün də bizimlədir. O özünün nəhəng qaməti ilə burada qocaman Xəzərin dalğaları üzərində ucalır, inqilabi vuruşmalarda şöhrət qazanmış qəhrəman Bakıda ucalır...”.
1972-ci il 29 iyun
Bakıda Nəriman Nərimanovun 100 illik yubileyi qeyd edilib. Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin yubileydəki məruzəsindən:
“...Nəriman Nərimanovun ictimai mədəni-maarifçilik, sonralar isə inqilabi fəaliyyəti Bakıda genişlənmişdi... Əməkçi kütlələri maarifləndirmək əzmi, insanlara xidmət etmək kimi nəcib bir arzusu hadisələri dərindən başa düşməsi, istedad və bacarığı onu Azərbaycan demokratik və ictimai-siyasi fikir nümayəndələrinin ön cərgəsinə çıxartdı.
O illərdə N.Nərimanov “Nadanlıq”, “Nadir şah” və digər bədii əsərlərini yazmış, Azərbaycan və rus dillərini öyrənmək üçün dərsliklər və dərs vəsaitləri yaratmışdı, pedaqoji işlə fəal bir surətdə məşğul olur, Azərbaycan dilində qəzet və jurnallar buraxmaq, teatrı inkişaf etdirmək yolunda addımlar atırdı... Kitabxanaların, muzeylərin və digər mədəni-maarif ocaqlarının yaradılmasına çox əmək sərf etmişdir.
N.Nərimanov xalqı tarixi inkişafın hərəkətverici qüvvəsi hesab edirdi... O yazırdı: “Güc birlikdədir... Sel güclü olub içinə atılan ağır daşları çox asanlıqla diyirləyir, özünə yol açır; tarix öz bildiyini edir...”.
1972-ci il 16 avqust
SSRİ-nin aparıcı ədəbi orqanı olan “Literaturnaya qazeta”da Heydər Əliyevlə müsahibə dərc olunub. Müsahibədən sitat:
“...Azərbaycan neftçilərinin qəhrəmanlığı, əfsanəvi Neft daşları, Xəzər sahilindəki Sumqayıt, Azərbaycanın pambığı və neft avadanlığı, kimya məhsulları və xalçaları, ipəyi və meyvəsi, alimlərimizin kəşfləri, yazıçılarımızın, bəstəkarlarımızın, rəssamlarımızın əsərləri – respublikamızın hüdudlarından uzaqlarda şöhrət qazanmış bu kəşflər və əsərlər xalqımızın nailiyyətlərinin yalnız qısa siyahısıdır...”.
1972-ci il 28 avqust
Heydər Əliyev Sovet İttifaqının müxtəlif şəhərlərindəki ali təhsil ocaqlarına qəbul olmuş azərbaycanlı gənclər qrupunu qəbul edib.
1972-ci il 5 sentyabr
Heydər Əliyev Azərbaycan bəstəkarlarının V qurultayında iştirak edib.
1972-ci il 3 oktyabr
Azərbaycanda RSFSR ədəbiyyat və incəsənət günlərinin təntənəli açılışı mərasimi keçirilib. Heydər Əliyev mərasimdə nitq söyləyib.
“...Rusiya mədəniyyəti tarixində Qafqaz xüsusi yer tutur. Rus və dünya ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olan bir sıra ilhamlı əsərlər bu diyara həsr olunmuşdur. Qafqaz təbiətinin əzəməti burada yaşayan məğrur, azadlıqsevən xalqların xarakteri ilə heyrətamiz bir ahəngdarlıq yaradır. V.Q.Belinski yazmışdı: “Puşkinin sayəsində Qafqaz o zamandan bəri ruslar üçün yalnız geniş, zəngin azadlıq ölkəsi olmaq etibarı ilə deyil, həmçinin tükənməz poeziya, qaynar həyat və cəsarətli xəyal ölkəsi olmuşdur”. Bu tamamilə Azərbaycana da aiddir...
Dahi rus şairi M.Y.Lermontov Azərbaycanın tarixi ilə yaxından maraqlanmış və Azərbaycan dilini yüksək qiymətləndirmişdi. O, dostu Rayevskiyə yazmışdı: “Azərbaycan dilini öyrənməyə başlamışam, fransız dili Avropada zəruri olduğu kimi, bu dil də burada və ümumiyyətlə, Asiyada zəruridir”.
Azərbaycanın mədəniyyət xadimləri də böyük, qüdrətli və azad rus dilini öyrənməyin böyük əhəmiyyətini daim qeyd etmişlər. Rus dili Azərbaycanda maarif və mədəniyyətin inkişafında mühüm rol oynamışdır...”.
1972-ci il 10 oktyabr
Heydər Əliyevin Azərbaycanda RSFSR ədəbiyyat və incəsənət günlərinin başa çatmasına həsr olunmuş yığıncaqdakı nitqindən:
“...Rusiya xalqlarının ədəbiyyat, incəsənətinin ürəkdən sevildiyi və yaxşı tanındığı Azərbaycanda hələ heç zaman bu ədəbiyyat və incəsənət belə geniş və hərtərəfli təmsil olunmamışdı...
... Bu günlər bir daha aydın göstərdi ki, mədəniyyətlərin qarşılıqlı təsiri və qarşılıqlı surətdə zənginləşməsi, həyatımızın qanununa çevrilən bu proseslər cəmiyyətin mənəvi həyatında çox böyük rol oynayır...”.
Hazırladı: V.Orxan