Mədəniyyət və Turizm Nazirliyi ölkəmizi Cənubi Koreyanın paytaxtı Seulda keçirilən «KOTFA-2012» adlı beynəlxalq turizm sərgisində təmsil edir.
   
   İyunun 7-də başlayan tədbir iyunun 10-dək davam edəcək. Sərgidə iştirak etmək üçün nazirliyin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, nazirliyin kollegiyasının məsul katibi, baş məsləhətçi Tahirə Əliyeva, Xarici turizm sektorunun məsləhətçisi Səid Rüstəmov, ölkəmizdə fəaliyyət göstərən «Regea», «Millennium Tourism&Congress DMC», «ENC Tours», «İmprotex Travel» turizm şirkətlərinin əməkdaşlarından ibarət nümayəndə heyəti Seula yola düşüb.
   “Millennium” şirkətinin direktoru Ruslan Quliyevin qəzetimizə verdiyi məlumata görə, iyunun 7-də sərginin rəsmi açılışından sonra Azərbaycanın Koreya Respublikasındakı səfiri Rövşən Cəmşidov ölkəmizin stendini ziyarət edib və nümayəndə heyətinə uğurlar arzulayıb.
   Ruslan Quliyev bildirdi ki, sərgi ziyarətçilərinin elə ilk saatlardan Azərbaycanın stendinə xüsusi marağı hiss olunub. Onlar əsasən mətbəximizlə maraqlanıblar, eyni zamanda, İpək yolu, mədəni marşrutlar və kombinə edilmiş Qafqaz turları barədə suallar veriblər.
   Qeyd edək ki, «KOTFA-2012» sərgisində Azərbaycanın turizm potensialının nümayiş etdirilməsi üçün 27 kvadrat metrlik lövhə icarəyə götürülüb. Burada ziyarətçilərə ingilis dilində hazırlanmış 23 adda reklam-çap məhsulları paylanacaq. Bu sərgidə ölkəmiz artıq 2-ci dəfədir iştirak edir.

    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar