Məlum olduğu kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un qərarı ilə Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. TÜRKSOY-un baş katibi Sultan Raev bu il Şuşada təşkilatın iştirakı ilə silsilə tədbirlərin keçiriləcəyini bildirdi: “Şuşadakı ənənəvi “Xarıbülbül” festivalına yaxından dəstək verəcəyik, xalq sənəti nümunələrini bir araya gətirən tədbirlər planlanıb. Eyni zamanda TÜRKSOY-un “Türk dünyasının rəssamlar toplantısı”, “Türk dünyasının şairlər toplantısı”, “Türk dünyasının fotoqraflar toplantısı”, “Türk dünyasının heykəltəraşlar toplantısı” kimi digər bütün ənənəvi layihələrini də Şuşada gerçəkləşdirəcəyik”.

S.Raev 2023-cü ilin təkcə Şuşa üçün deyil, bütün Türk dünyası üçün rəngarəng proqramlarla keçəcəyini də vurğuladı: “Şuşadan daha güllə səsləri gəlməyəcək, musiqi səsləri gələcək. Şuşa çal-çağırlı günlərinə qayıdıb, Türk dünyasında müxtəlif tədbirlər təşkil etməklə Şuşanın bu ab-havasının harmoniyasını quracağıq. Sözün əsl mənasında, Şuşa üçün də, Türk dünyası üçün də möhtəşəm bir il olacaq”.

Baş katib bildirdi ki, bu il ümumilikdə 200-ə yaxın tədbir nəzərdə tutulub: “Fevral ayının sonlarında Ankarada türk dövlətlərinin səfirləri və medianın iştirakı ilə tədbirlər proqramımız təqdim olunacaq”.

Mehparə Sultanova
Ankara