Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi İstanbulda üç əsrə yaxın tarixi olan hərbi kazarma binasını (kışla) şəhərin ən böyük kütləvi kitabxanasına çevirib.
İstanbulun Əyyubsultan rayonunda yerləşən XVIII əsrə aid tarixi tikili təmir-bərpa və yenidənqurma işlərindən sonra Rami kitabxanası kimi qapılarını ziyarətçilərin üzünə açıb.
Eyni vaxtda 4200 nəfər (oturma tutumu) oxucu-ziyarətçini qəbul etmək imkanı olan binada uşaq kitabxanası, rəqəmsal kitabxana, gənclər kitabxanası, böyüklər üçün kitabxana və müxtəlif ixtisaslaşdırılmış kitabxanalar da daxil olmaqla çoxsaylı bölmələr yaradılıb. Kompleksə 24 saat xidmət göstərən iş və oxu zalları, etüd bölməsi, qrup və fərdi iş zalları da daxildir.
Rami kitabxanası Türkiyənin ilk “Biosfer dayanıqlı muzey sertifikatı”na malikdir.
Tarixi arxiv mənbələrinə görə, Rami kazarması Osmanlı İmperatorluğunda Sultan III Mustafanın (1757-1774) dövründə vəzir Rami Mehmet paşa tərəfindən qurulub. Cümhuriyyət dövründə də orduya xidmət edən kazarma 1960-cı illərə qədər fəal şəkildə istifadə olunub. 2014-cü ildə başlayan və 2022-ci ilin sonunda tamamlanan bərpa işləri nəticəsində burada Türkiyənin ən iri kitabxanalarından biri yaradılıb.