Böyük güclər arasındakı qütbləşmənin gücləndiyi şəraitdə Qoşulmama Hərəkatı alternativ platformaya çevrilir

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda iştirak edir. Dövlət başçısı forum çərçivəsində bir sıra görüşlər keçirib, dəyirmi masa və panel toplantılarına qatılıb.

Yanvarın 17-də Azərbaycan Prezidentinin Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen, “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix, “Fortescue Future Industries” şirkətinin sədri Endrü Forest, “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşləri olub.

Yanvarın 18-də Prezident İlham Əliyev Davosda “Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali, “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat, “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart, BP Qrupunun baş icraçı direktoru Bernard Luni ilə görüşüb.

Həmin gün dövlət başçısının Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.

Gitanas Nauseda Azərbaycana ötənilki səfərini məmnunluqla xatırlayaraq Prezident İlham Əliyevi Litvaya səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən dövlətimizin başçısı litvalı həmkarının ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Söhbət əsnasında regional məsələlər, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi, həmçinin Azərbaycan ərazisində Laçın-Xankəndi yolunda baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olduğunu, yolun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyini bildirib. Dövlət başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasının və kriminal ünsürlərin ərazidən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı da fikir mübadiləsi aparılıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə təşkil olunan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatının Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması baxımından əhəmiyyəti qeyd edilib.

***

Yanvarın 18-də Davos Dünya İqtisadi Forumu çərçivəsində “Yeni enerji reallığının istiqamətləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib. Prezident İlham Əliyev dəyirmi masada iştirak edib.

Həmin gün dövlət başçısı BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşüb.

Prezident İlham Əliyev xanım Maimuna Mohd Şərif ilə ötən il Bakıda və Ağdamda Milli Şəhərsalma Forumu zamanı keçirdiyi görüşləri xatırlayıb. UN-HABITAT-ın icraçı direktoru Azərbaycanın davamlı şəhər planlaşdırılması sahəsində çox yaxşı nəticələrinin olduğunu və bu istiqamətdə fəaliyyətini davam etdirdiyini vurğulayıb.

BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da inkişafı və növbəti Milli Şəhərsalma Forumunun keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Yanvarın 19-da Prezident İlham Əliyev Davosda “Adani Group” şirkətinin təsisçisi və sədri Qautam Adani, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.

Dövlət başçısının Monteneqronun Baş naziri Dritan Abazoviç ilə görüşündə iki ölkə arasında dostluq münasibətlərinin olduğu qeyd edilib, turizm, investisiyalar və enerji sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Həmin gün Azərbaycan Prezidentinin Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab və Avropa İttifaqının (Aİ) büdcə və administrasiya üzrə komissarı Yohannes Han ilə də görüşləri olub.

Həmin gün İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxış edib.

Yanvarın 19-da Azərbaycan Prezidentinin Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə görüşü də olub.

***

Prezident İlham Əliyev Davosa səfəri zamanı yanvarın 17-də Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib. Dövlət başçısı Azərbaycan-Çin münasibətləri, hər iki ölkənin iştirakçısı olduğu irimiqyaslı kommunikasiya layihələri, bu istiqamətdə təşəbbüsləri barədə fikirlərini bölüşüb.

Çinin on il əvvəl irəli sürdüyü “Bir kəmər, bir yol” (hazırda Orta Dəhliz) təşəbbüsü haqqında danışan Prezident İlham Əliyev bildirib ki, bu vaxtında irəli sürülmüş, indi çox böyük coğrafiyanı əhatə edən müdrik bir təşəbbüs idi: “Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək, son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik.

Biz əsasən dəmiryolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmiryolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri – avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirmişik. Beləliklə, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi”.

Dövlət başçısı vurğulayıb ki, “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı: “Əlbəttə ki, nəqliyyat layihələrinə necə münasibət göstərməsi ölkələrin strategiyasından asılıdır. Bizim üçün bu, iqtisadiyyatımızı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığımızı azaltmaq üçün əsas amillərdən biri idi. Deyə bilərəm ki, ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb... Biz müştərək faydanı görməyi öyrənməliyik. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Çinin artıq yeni bir dəmiryolu layihəsinin təşəbbüsü ilə çıxış etdiyini və onu artıq başladığını bilirəm – Çin-Qırğızıstan-Özbəkistan. Bu layihə də bizə, Xəzər dənizinə istiqamətlənib. Bu, çox vacib əlavə təchizat marşrutudur. Orta Dəhlizin parlaq gələcəyi var”.

Çin televiziyasının müxbiri Azərbaycan Prezidentinin builki Davos Forumunun mövzusuna (“Parçalanmış dünyada əməkdaşlıq”) və əməkdaşlığın çətin olduğu hazırkı dünyanın çağırışlarına münasibətini də soruşub.

Prezident qeyd edib ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın, öz potensialının düzgün hesablanmaması, qarşınızdakının, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır: “Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub”.

İlham Əliyev bildirib ki, siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür: “Bu suala cavab verərkən sizin diqqətinizə çatdıra biləcəyim daha bir misal bizim Qoşulmama Hərəkatının sədri kimi səylərimizdir. Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Biz yekdilliklə seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılıb. Bu müddət ərzində biz, həqiqətən də, nümayiş etdirdik ki, bu hərəkatın səsinin eşidilməyini istəyirik, biz bu hərəkatın dünya arenasında öz yerini tutmağını istəyirik. Çünki böyük güclər arasında qütbləşmə açıq-aşkardır. Böyük güclərin maraqları arasındakı uçurum ola bilsin ki, kiçilməyəcək. Ona görə də faktiki olaraq alternativ kimi yaradılmış, lakin sonradan müəyyən mənada potensialını itirmiş Qoşulmama Hərəkatının böyük potensialı var, çünki ölkələrin bu və ya digər dərəcədə eyni keçmişləri var, eyni problemləri var. Onların əksəriyyəti müstəmləkə olub və onlar başqalarının əsarəti altında yaşamağın nə demək olduğunu bilirlər.

Biz pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərmişik. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik. Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik. 1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Yəni, biz kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdıq. Bu ideologiya üstünlük təşkil etsə, dünya daha təhlükəsiz olar...”.