16-29 yanvar tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada 15-ci MENAR (Middle East & North Africa Region – Yaxın Şərq və Şimali Afrika Regionu) Film Festivalı keçirilir. 14 ölkədən 40-a yaxın filmin təqdim olunduğu festivalda Azərbaycan da iştirak edir.

Yanvarın 19-da festival çərçivəsində ölkəmizin Bolqarıstandakı səfirliyi tərəfindən Azərbaycan kinosu gecəsi təşkil edilib. Sofiya şəhərindəki “Kino Evi”ndə “Xarıbülbül əfsanəsi” sənədli filmi və “Olimpiya” bədii filmi nümayiş etdirilib.

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və MENAR Film Festivalının təşkilatçı şirkətinin rəhbəri Zdravko Qriqorov giriş sözü söyləyiblər.

Azərbaycan mədəniyyəti və kino sənəti ilə bağlı izləyicilərə qısa məlumat verən səfir “Xarıbülbül əfsanəsi” sənədli filmi haqqında danışıb. Bildirib ki, Azərbaycanın Qarabağ bölgəsi və Şuşa şəhərinə xas olan xarıbülbül çiçəyi 2020-ci il Vətən müharibəsində qazandığımız Zəfərin simvoluna çevrilib. Diplomat “Olimpiya” bədii filminin də yeni dövr Azərbaycanın bədii kinosunun nümunəsi olduğunu deyib.

Sonra hər iki ekran əsəri nümayiş olunub.

Xatırladaq ki, “Xarıbülbül əfsanəsi” sənədli filmi isveçli fotoqraf və rejissor Mikael Silkeberqin 2021-ci ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərinin nəticəsi olaraq ərsəyə gəlib. O, Şuşa, Füzuli və Ağdamda olub, ermənilərin törətdiyi vandalizmi fotoobyektivin yaddaşına köçürüb. İsveçin paytaxtı Stokholmda həmin fotoların sərgisi təşkil olunub. Bundan sonra İsveçdəki səfirliyimizin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mikael Silkeberq tərəfindən “Xarıbülbül əfsanəsi” sənədli filmi çəkilib.

“Olimpiya” bədii filmi Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2021-ci ildə “Mozalan“ studiyasında ərsəyə gətirilib. Rejissor Əli-Səttar Quliyevin quruluş verdiyi film   melodram janrındadır. Baş qəhrəman 1980-ci il Moskva Olimpiadasında qalib olub, indi dağ kəndində idman müəllimidir. Günün birində kəndə Kubadan onun indiyədək üzünü görmədiyi qızı – Olimpiya gəlib çıxır...

Filmin ssenari müəllifi Rüstəm Babazadə, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Arif Niftiyevdir. Rolları Xalq artistləri Qurban İsmayılov, Məbud İsmayılov, Vidadi Həsənov, Əməkdar artist Rasim Cəfərov, aktrisa Günel Məmmədova və başqaları oynayırlar.