Görkəmli realist rəssam Bəhruz Kəngərlinin (1892-1922) anadan olmasının 131-ci ildönümü ilə bağlı yanvarın 21-də Naxçıvan şəhərində tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və NMR Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə mədəniyyət və incəsənət nümayəndələri rəssamın məzarını ziyarət ediblər.

Bəhruz Kəngərli Muzeyində davam etdirilən mərasimdə mədəniyyət naziri Natəvan Qədimova rəssamın Azərbaycan təsviri sənətinə verdiyi töhfələrdən danışıb. Vurğulayıb ki, milli rəssamlıqda realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşmasında Bəhruz Kəngərlinin mühüm xidmətləri olub.

Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığına böyük dəyər verib. O deyib: “Bəhruz Kəngərlinin əsərləri həddindən artıq qiymətlidir. Birincisi, onun rəssamlıq ustalığına görə, istifadə etdiyi rənglərə görə. İkincisi, onun yaratdığı obrazlara görə, mən insan obrazlarını deyirəm, xüsusən, o ağır dövrün, 1918-1919-1920-ci illərin çətin dövründə bizim xalqımızın ağır vəziyyətdə olmasını öz əsərlərində əks etdirib”.

Ümummilli liderin təşəbbüsü ilə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılıb, 2002-ci ildə Heydər Əliyev muzeyin açılış mərasimində iştirak edib. 2012-ci ildə isə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə B.Kəngərlinin 120 illik yubileyi geniş şəkildə qeyd edilib.

NMR Rəssamlar Birliyinin sədri Əməkdar rəssam Ülviyyə Həmzəyeva, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli Naxçıvanda rəssamlıq sənətinin inkişafında B.Kəngərli irsinin xüsusi rolunu vurğulayıblar. Qeyd olunub ki, rəssamın yaradıcılığı milli ruh, azərbaycançılıq ideyaları aşılayan bir xəzinədir.

Sonda Bəhruz Kəngərli adına Rəssamlar parkında fırça ustasının abidəsi ziyarət edilib, xatirə şəkli çəkdirilib.