Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etdiyi iddia sənədində mədəni irsimizə vurulan zərərdən də bəhs olunur


Azərbaycan Hökuməti Ermənistanın otuzillik işğal zamanı törətdiyi əməllərlə bağlı əsas iddia sənədini yanvarın 23-də Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, bu, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya uyğun olaraq, ölkəmizin Ermənistana qarşı qaldırdığı beynəlxalq məhkəmə proseslərində mühüm inkişafdır. Məhkəməyə təqdim edilmiş əsas iddia sənədi otuzillik ədalətsizliyi qeydə alan minlərlə səhifəlik dəlillərə əsaslanır. Sənəd Ermənistan tərəfindən ən dəhşətli aktlardan biri olan etnik və milli mənsubiyyətə görə təmizləmə nəticəsində qətlə yetirilmiş, didərgin salınmış və zərər çəkmiş azərbaycanlılar haqqında ətraflı məlumatları ehtiva edir.

Ermənistanın qəsbkarlığı və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin qeyri-qanuni işğalı düşünülmüş və məqsədyönlü etnik təmizləmə siyasəti ilə müşayiət olunub. 2020-ci ilə qədər davam edən bu fəaliyyət Azərbaycan rayonlarının dağıdılması, talan edilməsi və istismarı yolu ilə ölkəmizin ərazisində erməni yaşayış məskəni yaratmaq məqsədi daşıyıb.

Azərbaycan 2020-ci ildə torpaqlarını azad etdikdən sonra sözügedən ərazilərdə dəlillərin genişmiqyaslı toplanması işini həyata keçirib. Ermənistanın yüz minlərlə insanın həyatını, saysız-hesabsız ailələri və icmaları, əvəzolunmaz mədəni irsi və ətraf mühiti məhv etməsinin miqyası, həqiqətən də, dəhşətlidir.

Ermənistanın etnik ayrı-seçkilik siyasəti və əməlləri, o cümlədən otuz ilə yaxın müddətdə ərazilərimizin qeyri-qanuni işğalı həmvətənlərimizin Azərbaycanın Qarabağ bölgəsindəki evlərinə qayıtmasına mane olub. Bu günədək yüz minlərlə azərbaycanlı məcburi köçkün hələ də öz keçmiş evlərinə qayıda bilmir.

Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilən iddia sənədində o da diqqətə çatdırılır ki, işğal dövründə və 2020-ci ildə müharibədən sonra ərazilərdən geri çəkilərkən “yandırılmış torpaq” siyasətinin tərkib hissəsi kimi Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcər kimi şəhərlər Ermənistan tərəfindən tamamilə dağıdılıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 1991-ci ildə işğalından sonra Azərbaycanın Qarabağ bölgəsində yerləşən tikililərin 95 faizi yerlə yeksan edilib.

Bu ayrı-seçkilik siyasətinə Ermənistanın mülki evləri və yaşayış məntəqələrini partlayıcı vasitələr və minalarla hədəfə alması da daxildir. 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra mina partlayışlarında 282 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Minalar Ermənistanın azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına mane olmaq kampaniyasının mühüm elementi və ağır mirasıdır.

Azərbaycan tərəfi təqdim edilmiş müfəssəl sübutlar əsasında, azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığına dair vəsatətin təmin olunmasını məhkəmədən tələb edib. Xüsusilə, etnik təmizləmə, o cümlədən qəsdən həyatdan və mülkiyyət hüququndan məhrumetmə, işgəncə, mədəni irsin məhvi, erməni əhalisi arasında azərbaycanlılara qarşı nifrətin təbliği və Ermənistanda nifrət zəminində yaradılmış silahlı qruplara dövlət yardımı ilə bağlı Ermənistan hökumətinin məsuliyyət daşıdığının bəyan edilməsi üçün müraciət ünvanlanıb.

Azərbaycan tərəfinin müraciətində həmçinin Ermənistanın itkin düşmüş azərbaycanlılara dair bütün məlumatları açıqlamaqla bağlı öhdəliklərini yerinə yetirməsinin, qanunsuz ələ keçirilmiş bütün əmlak və torpaqları azərbaycanlılara geri qaytarmasının, nifrət zəminində təbliğatı dayandırmasının və insan hüquqlarının otuz il ərzində pozulmasına görə məsuliyyətə cəlb olunmasının vacib olduğu vurğulanıb.

Azərbaycan tərəfi sözügedən cinayətləri törədənlərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması istiqamətində bütün zəruri tədbirləri davam etdirəcək.