Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu İstanbulda sərgi təşkil edib


2023-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur. Bu əlamətdar yubiley təkcə qardaş Türkiyə üçün deyil, bütün Türk dünyası üçün qürur mənbəyi olan bir tarixdir.

Yubiley münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən İstanbulda “Yıldız sarayı fotokolleksiyasında XIX əsr Türk dünyasının mədəni irsi” adlı sərgi təşkil olunub.

Fonddan bildirilib ki, sərgidə Osmanlı Sultanı II Əbdülhəmid dönəmində çəkilən və Türk dünyasının mədəni irsini ehtiva edən Yıldız sarayı kolleksiyasından 75 fotoşəkil nümayiş olunub. Yıldız kolleksiyası dünyanın ən zəngin fotoarxivlərindən biridir və ümumilikdə 918 albomdan – 36 min 585 fotoşəkildən ibarətdir.

Türk dünyasının Səmərqənddən Ədirnəyədək uzanan coğrafiyalardakı çoxəsrlik memarlıq nümunələrini əks etdirən fotoşəkillərin arasında UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Səmərqənd, Buxara, Kokand, Xivə şəhərlərinə (Özbəkistan) aid maddi mədəni abidələr, Bakıdakı Şirvanşahlar Sarayı, Türküstandakı (Qazaxıstan) Xoca Əhməd Yasəvi türbəsi, Anadoluda inşa olunmuş ilk məscid – Qars Əbu Mənuçöhr camisi, İstanbul və Konya (Türkiyə), Aşqabad (Türkmənistan) və digər şəhərlərə məxsus abidələr yer alıb.

Tədbirin rəsmi hissəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna ünvanladığı məktub oxunub. Məktubda fondun türk xalqlarının mədəni-mənəvi dəyərlərinin qorunması, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi istiqamətində genişmiqyaslı fəaliyyəti yüksək qiymətləndirilib. Sərginin türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyi vurğulanıb.

Sərginin açılışında çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva son bir əsr ərzində Türkiyənin böyük və bütün Türk dünyası üçün qürurverici inkişaf yolu qət etməsindən, həyatın bütün sahələrində sürətlə irəliləməsindən söz açıb. Günay Əfəndiyeva bildirib ki, qazandığı çoxsaylı nailiyyətlər, meydana gəlmiş çətinliklər, maneələr qarşısında daima nümayiş etdirdiyi dik duruş Türkiyəni beynəlxalq aləmdə nüfuzlu və qüdrətli bir dövlət kimi tanıdıb. Fondun prezidenti Türkiyənin digər türk dövlətləri ilə mövcud qardaşlıq münasibətlərinə toxunaraq, “Türkiyənin uğurları müstəqil türk dövlətlərindən tutmuş, tarixən müxtəlif səbəblərdən Türk coğrafiyasından ayrı düşmüş ən kiçik, azsaylı türk xalqlarını da sevindirir, qürurlandırır və birlik, həmrəylik içərisində parlaq gələcəyə ruhlandırır”, – deyə vurğulayıb.

Günay Əfəndiyeva sərginin əhəmiyyətindən bəhs edərək deyib: “Bu fotokolleksiya mədəniyyətin və incəsənətin xilasedici gücünə bütün qəlbi ilə inanan, bu il vəfatının 105-ci ilində yad edilən Sultan II Əbdülhəmidin incə ruhunun nişanəsidir. 623 illik Osmanlı səltənətinin çağdaş dövrdə sürətlə yüksələn Türkiyə Cümhuriyyəti ilə qovuşmasıdır. Yeni bir yüzilliyə qədəm qoyarkən keçmişin xeyir-duasının alınmasıdır. Bu kolleksiya eyni zamanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzv və müşahidəçi ölkələrinin əsrarəngiz şəhərlərinə zərif bir baxışdır. Türk dünyasına məxsus memarlıq nümunələrinin fərqli xüsusiyyətlərinin kəşf olunması və eyni zamanda mədəni irsin yaşadılmasıdır”.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz sərginin önəmindən söz açaraq Osmanlıda fotoqrafiya sənətinin Sultan II Əbdülhəmidin hakimiyyəti dönəmində qızıl dövrünü yaşadığına diqqəti çəkib: “Yıldız Sarayı dünyanın müxtəlif ölkələrinin mədəni irsini əks etdirən böyük bir fotokolleksiyaya malikdir. Biz də Mədəniyyət və Turizm Nazirliyi olaraq, bu arxivin təbliği və tədqiqi yönündə aparılan işləri dəstəkləyirik”.

Nazir müavini türk dövlətlərinin ortaq mədəni irsi haqqında məlumatlılığın son dərəcə vacib olduğunu deyib: “Türk xalqlarının mədəniyyətini və incəsənətini sərgiləyən tədbirlərin təşkilini yüksək qiymətləndiririk”.

Sərginin açılışında çıxış edən Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Milli Saraylar Başqanlığının sədr müavini Adnan Qayhan bildirib ki, Yıldız fotokolleksiyası, Osmanlı İmperiyası və dünya haqqında bilgi mənbəyi olmaqla yanaşı, həm də türk xalqları üçün dəyərli bir xəzinə və bəşəriyyətə məxsus mədəni irsdir. O, sərginin Türk-İslam sivilizasiyasının, əsrlər boyu yaşadılmış ortaq tarix, dil, din, mədəni dəyərlər və adət-ənənələrin daha ətraflı öyrənilməsində önəmli rolunu vurğulayıb.

Tədbirdə Türkiyə Prezidentinin baş müşaviri Fecir Alptekin, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Türk Dövlətləri Təşkilatı baş katibinin müavini Ömər Kocaman, TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzv və müşahidəçi ölkələrinin rəsmiləri və diplomatları, o cümlədən Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva iştirak ediblər.

Fond tərəfindən nəşr olunan “Osmanlı arxivlərində türk mədəni irsi” kitabı qonaqlara təqdim edilib.