Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərdəkan Mədəniyyət Sarayında şəhid pilot, Azərbaycanın Milli Qəhrəmanı Səfa Axundovun (1958-1992) xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda edən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər şəhid pilotun həyat və döyüş yolundan danışıb, onun mənalı ömrünün gənclər üçün örnək olduğunu vurğulayıblar. Bildirilib ki, I Qarabağ müharibəsi şəhidi Səfa Axundov “Mİ-8” vertolyotunun pilotu olub. 1992-ci il yanvarın 28-də Şuşaya iki uğurlu uçuş həyata keçirib. Şuşaya növbəti uçuşu zamanı düşmənin Xankəndi istiqamətindən atdığı raketlə vertolyotu partladılıb. Nəticədə üç heyət üzvü və 47 sərnişin faciəli şəkildə həlak olub. Həmin il ölümündən sonra S.Axundova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Anım tədbirində rejissor Zülfiyyə Abdullayevanın S.Axundovun xatirəsinə həsr olunmuş “Göylərə bağlı Səfa” adlı qısametrajlı sənədli filmi nümayiş etdirilib.