Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan milyonçusu, xeyriyyəçi, ictimai xadim Hacı Zeynalabdin Tağıyevin 200 illiyi münasibətilə virtual sərgi hazırlayıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Azərbaycan xalqının inkişafı üçün əlindən gələni əsirgəməyən Tağıyevin ictimai, maarifçilik, xeyriyyəçilik fəaliyyəti, inşa etdirdiyi mədəniyyət, elm, təhsil, səhiyyə müəssisələri, Azərbaycanda mətbuat işi sahəsində gördüyü işlər haqqında geniş məlumat verilib. Materialda Hacı Zeynalabdinin elm, mədəniyyət, təhsilin zəruriliyi haqqında söylədiyi dəyərli fikirlər, layiq görüldüyü təltif və mükafatlar haqqında da məlumat yer alıb.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Tağıyevin xatirəsinin əbədiləşdirilməsi – Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, Bakıda heykəlinin ucaldılması, ev muzeyinin haqqında bilgi əks olunub. Virtual sərgidə milyonçunun həyat və ictimai fəaliyyətindən bəhs edən “Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında”, “Azərbaycan milyonçuları”, “Allahın eşqi ilə”, “Savadlı millətin təməli – savadlı qadın (H.Z.Tağıyevin Bakıdakı qızlar məktəbi)” adlı Azərbaycan, rus və ingilis dillərində olan kitabların biblioqrafik təsviri də verilib.

***

Yanvarın 26-da görkəmli pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Azərbaycan Müəllimlər Seminariyasını yaradan və ona rəhbərlik edən Firidun bəy Köçərlinin (1863-1920) anadan olmasının 160 ili tamam olur. Bu münasibətlə Respublika Gənclər Kitabxanasında “Maarifçi ziyalı və görkəmli ədəbiyyatşünas alim – Firidun bəy Köçərli” adlı virtual sərgi və videomaterial hazırlanıb.

Materiallarda F.Köçərlinin uşaqlıq və gənclik illəri, elmi, bədii və pedaqoji fəaliyyəti, müəllifi olduğu əsərlər, tərcümələr, məqalələr haqqında geniş məlumat verilir. Burada görkəmli şəxslərin ədib haqqında söylədikləri və Firidun bəyin elm, təhsil və mədəniyyət mövzusunda səsləndirdiyi və aforizmə çevrilmiş fikirləri yer alıb. Maarif xadiminin müəllifi olduğu və haqqında yazılan kitab və məqalələrin biblioqrafik təsviri də izləyicilərə təqdim edilir.
Virtual sərgilər və videomaterial ilə kitabxananın saytında tanış olmaq mümkündür.