F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Sübhnur” tədris mərkəzinin təşkilatçılığı ilə kiçikyaşlı oxucular üçün nağıl saatı keçirilib. Tədbirdə şair Gülarə Munis, şagirdlər, valideyinlər və digər qonaqlar iştirak ediblər.

Tədbirin məqsədi uşaqlarda mütaliə vərdişinin, dünyagörüşünün formalaşması, kitabxanaya və kitaba marağın artırılması və bu istiqamətdə valideynlərin onlara dəstək olmasıdır.

Görüş zamanı şagirdlərə şairin yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, müəllifin əsərlərində vətənpərvərlik, ailə-məişət mövzusu əsas yer tutur. Uşaq və yeniyetmələr üçün mənzum pyeslər də qələmə alan Gülarə Munisin “Hanı ayağın, əsgər” və “Güllü nənənin xalçası” əsərləri maraqla qarşılanıb.

Sonda uşaqlara şairin mənsur şeirlərinin yer aldığı “Bənövşə yağışı” kitabı hədiyyə edilib.

Tədbirdə həmçinin valideynlərlə psixoloqun görüşü təşkil edilib. “Övladlarımızın asudə vaxtlarını necə dəyərləndirməli və uşaqlarla necə keyfiyyətli vaxt keçirək?” mövzusunda seminar keçirilib.