Eldar Aslanov: «Bu il 300-dək tələbənin diplom almaq şansı var»
   
   Bu il 3-cü məzun buraxılışını keçirməyə hazırlaşan Azərbaycan Turizm İnstitutu daima öz yenilikləri, layihələri, müxtəlif proqramları ilə diqqəti cəlb edir.
   Yekunlaşmaq üzrə olan tədris ili, əldə edilən uğurlar, nəzərdə tutulan yeniliklər barədə məlumat almaq üçün ATİ-nin prorektoru Eldar Aslanovla həmsöhbət olduq. Müsahibimiz əvvəlcə peşə ixtisaslı turizm kadrlarının hazırlanmasından danışdı:
   
   - Azərbaycan Turizm İnstitutu öz fəaliyyətində müntəzəm surətdə yeni-yeni hədəfləri müəyyənləşdirir və onlara doğru addımlar atır. Bura yeni ixtisasların tədrisi, peşə məktəbinin inkişafı ilə bağlı məsələlər və s. aiddir. Hazırda bir neçə beynəlxalq təşkilat peşə məktəbinin inkişafı ilə bağlı bizə müəyyən təkliflər edib. Onları əlaqələndirərək ümumi bir proqram hazırlamaq istəyirik. İndi gündəmdə olan məsələlərdən biri də distant təhsillə bağlıdır. Bakıda və bölgələrdə turizm üzrə peşə məktəblərinin yaradılması burada çalışacaq kadrlara olan tələbatı bir daha qabardır. Etiraf edirik ki, hələlik elmi kadr potensialımız azdır. Digər tərəfdən, bölgələrdə turizm üzrə kadrların hazırlanmasına böyük ehtiyac var. Ona görə də texnologiyanın verdiyi imkanlardan istifadə etmək istəyirik. Yəni ATİ-də keçirilən dərslər regionlarda olan peşə məktəblərində və filiallarda birbaşa dinləniləcək. Burada sadəcə üç mərhələdə bəzi fənlər üzrə tədris olacaq. Tələbələr böyük ekranda canlı yayımda müəllimlərin mühazirələrini dinləyəcəklər və onlara öz suallarını verə biləcəklər. Amma bu o demək deyil ki, tələbələrin hamısı distant təhsil alacaqlar. Bir çox fənlər var ki, onların birbaşa dərs kimi keçirilməsini nəzərdə tuturuq.
   - İnstitut 3-cü məzun buraxılışına hazırlaşır. Bu dəfə neçə tələbəniz diplom almağa şanslıdır?
   - Bu il ali məktəbi bitirən 280-ə yaxın tələbəmiz diplom ala biləcək. Bunlar müvafiq kreditlərini tamamlayıblar və ya tamamlamaq üzrədirlər. Amma tam dəqiq rəqəmi imtahan sessiyasının sonunda deyə biləcəyik. Bu il məzun ola biləcək tələbələr arasında əvvəlki semestrlərdən bir kəsiri olan 20-dək tələbə də var. Biz onlara şans vermişik ki, 6 həftə ərzində hazırlaşıb kəsirlərini ödəsinlər. Buna qaydalar da imkan verir. Amma bu yalnız 1 kəsiri olan tələbələrə aiddir. 1-dən çox kəsiri olan tələbələr isə artıq bu il məzun olmaq şanslarını itiriblər. Onlar sentyabrda və yaxud gələn ilin aprelində məzun ola bilərlər. Bundan başqa, əvvəlki illərdə yekun dövlət imtahanından kəsilən tələbələr də bu il yenidən imtahan verəcəklər. Tələbələrin yekun dövlət attestasiyası 25-31 iyun tarixlərində gerçəkləşəcək.
   - Artıq hotellərə və turizm şirkətlərinə lisenziya verilərkən onlara əməkdaşlarının ən azı 25 faizinin turizm təhsilli olması bir şərt kimi qoyulur. Bu baxımdan mehmanxana və turizm şirkətlərində ATİ-nin tələbələrinin işə qəbul göstəricisi qaneedicidirmi?
   - Tam səmimiyyətlə deyə bilərəm ki, qaneedicidir. Hotellərlə əlaqələrimiz daha sıxdır. Hər həftənin 6-cı günləri bizdə hotel təlimləri keçilir. Bu təlimlər Bakıda fəaliyyət göstərən hotellərin rəhbərləri tərəfindən reallaşdırılır. Adətən, tələbələr bu görüşlərə CV-ləri ilə gəlirlər. Hotel nümayəndələri onları qane edən CV-lərin sahiblərini müsahibəyə dəvət edirlər. Bu gün yeni açılmış əksər beşulduzlu hotellərdə bizim tələbələrimiz işləyir. Regionlarda fəaliyyət göstərən hotellərdən də bizə müraciətlər var. Son bir ayda institutumuzun daxili informasiya bölmələrində Masallıdakı «Viləş» mehmanxana kompleksinin, Bakıdakı «Gəncəli», Gədəbəydəki «Eldorado» hotellərinin elanları yerləşdirilib. Əvvəllər tələbələrimizin təcrübəyə aparılması ilə bağlı çətinlik çəkirdik. Amma indi bizim təklif etdiyimizdən daha çox tələb var.
   - Amma turizm şirkətləri bu işdə hotellər qədər maraqlı deyil. Bəlkə bu, ATİ-də turoperator ixtisasının olmaması ilə bağlıdır?
   - Bizdə turizm və hotelçilik ixtisası var. Bu ixtisasda oxuyan tələbələr 6-cı semestrdə təcrübədən döndükdən sonra ixtisaslaşmaya gedirlər. Onlar 4 istiqamət üzrə ixtisaslaşırlar: turizm işi, hotel işi, turoperator-turagent fəaliyyəti, sanatoriya və kurort işinin təşkili. Hotellər bizimlə daima əlaqədə olduqlarından onlar ən yaxşı oxuyan və xarici dil bilən tələbələri daha yüksək maaşla işə dəvət edirlər. Turizm şirkətlərindən hələlik belə maraq görmürük. Mən onları əməkdaşlığa dəvət edirəm. Vaxtaşırı olaraq müxtəlif toplantılarda bir yerdə oluruq. Orada öz irad və təkliflərini səsləndirsinlər. Biz də onları nəzərə alaq.
   - Ötən il ATİ-nin 19, ondan əvvəl isə 14 məzunu eyni zamanda Avstriyanın Krems Universitetinin diplomunu aldı. Bu il neçə tələbəniz bu diplomu əldə edə biləcək?
   - Məzuniyyət mərasimini iyulun 12-də keçirməyi planlaşdırırıq. Burada həm də ikili diplom proqramımızın məzunlarına diplomlar verəcəyik. Bu dəfə onların sayı 30 nəfərə yaxındır.
   - Tələbələriniz əksər hallarda yay-istehsalat təcrübəsini xarici ölkələrdə keçirlər. Bu il hansı ölkələrə tələbə göndərəcəksiniz?
   - Bu il 100-dən çox tələbəmiz müxtəlif xarici ölkələrə yay təcrübə semestrlərini keçməyə yollanıb. Onlar əsasən Şimali Kipr, Türkiyə, Almaniya və İsraildədirlər. Amma tanışlıq təcrübəsi ilə bağlı işlər hələ qabaqdadır. Tələbələrimizdən bu məqsədlə xarici ölkələrə gedənlər də olacaq, ölkəmizdə qalanlar da. Ümumilikdə isə 1000-1200 tələbəmiz hər il yay tətilində təcrübə müddətində olur.
   - Bu il Turizm İnstitutunda ixtisaslarda artım olacaqmı?
   - Üç istiqamət üzrə ixtisaslarda artım etmək fikrindəyik. Turizm və hotelçilik ixtisasında bu ildən 5-ci ixtisaslaşmaya gedəcəyik. Həmçinin menecmentdə iki sahəni xüsusi ayıracağıq. Bunlardan biri idman meneceri ixtisası olacaq. Ölkəmizdə çoxlu idman yarışları keçirilir, Azərbaycanda 100-dən çox idman federasiyası, bölgələrimizdə 20-dən artıq müasir standartlara cavab verən olimpiya-idman kompleksləri var. Apardığımız tədqiqatların nəticələrinə əsasən deyə bilərəm ki, bu istiqamətdə kadrlara ciddi tələbat var. Ona görə də biz menecment ixtisasında ayrıca bir ixtisaslaşmaya getməyə hazırlaşırıq. İkinci ixtisas mədəniyyət sahəsindədir. Bu ildən mədəniyyət sahəsində də menecment ixtisaslaşmasına gedəcəyik. Bununla bağlı Avropa Şurasının Mədəni İrs Departamenti ilə müzakirələrimiz olub. Qurumun direktoru Robert Palmeri ATİ-yə dəvət edib burada məsləhətləşmələr də aparmışıq. Muzeylərdə, mədəniyyət müəssisələrində, beynəlxalq mədəni tədbirlərin təşkilində bu sahə üzrə mütəxəssislərə böyük ehtiyac var. Dünyada bu sahədə - art-menecment ixtisası üzrə kadrlar hazırlanır. Üçüncü sahə isə reklam işi ilə bağlıdır. Bu ildən eyni zamanda reklam ixtisası üzrə kadr hazırlığına başlayacağıq. Bakalavr pilləsində bu ixtisas olmadığına görə bunu magistratura mərhələsində reallaşdıracağıq. Əsas məqsədimiz ondan ibarətdir ki, tədricən mədəniyyət, turizm, idman və ümumilikdə xidmət sənayemiz üçün kadr hazırlayan bir ali məktəbə çevrilək.
   Builki yeniliklərdən biri də magistratura pilləsinə aiddir. Biz indiyə qədər Krems Universiteti ilə ikili diplom proqramını yalnız bakalavr pilləsi üçün həyata keçirirdik. Ötən il Avstriya Prezidentinin ölkəmizə səfəri zamanı ATİ və Krems Universiteti arasında magistratura pilləsində də ikili diplom proqramının tətbiqi ilə bağlı müqavilə imzalandı. Həmin müqaviləyə əsasən, bu il ilk dəfə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə ATİ-də həm milli, həm də beynəlxalq proqram üzrə qəbul həyata keçirəcəyik. Milli proqram üzrə 40 nəfərlik, beynəlxalq proqram üzrə isə 31 nəfərlik plan yerimiz var.

   Fəxriyyə Abdullayeva