27-30 yanvar tarixlərində Almaniyanın Haydelberg şəhərində Beynəlxalq Səssiz Filmlər Festivalı keçiriləcək.

21-ci ildir reallaşan festivalın təsisçisi və təşkilatçısı Güney Azərbaycan əsilli kinematoqraf Huşəng Vahididir. Təşkilatçının festival estetikasına gətirdiyi əsas yenilik ondan ibarətdir ki, o, kino bayramında təkcə səssiz filmləri nümayiş etdirmir, eyni zamanda dialoqu az olan bədii ekran əsərlərini səssiz filmlərə çevirir. Məsələn, nümayiş zamanı səs tamamilə dayandırılır və canlı musiqilər ifa edilir. Bu da bəzən həmin filmlərin təsir imkanlarını fərqli aspektdən artırır. Hətta bu məqsədlə filmləri müşayiət etmək üçün müxtəlif ölkələrdən musiqi qrupları dəvət edilir.

Festivalda ölkəmizdən Xalq artisti Vaqif Behbudovun Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyovun (1939-2022) ssenarisi əsasında 1982-ci ildə çəkdiyi “Başlanğıc” qısametrajlı animasiya filmi yarışacaq. Dərin fəlsəfi məzmuna malik filmi” alman pianoçu Fridvart Göbbels müşayiət edəcək. "Azərbaycantelefilm" tərəfindən istehsal olunan ekran əsərində yer üzündə sülhün qorunub saxlanmasının vacibliyi vurğulanır.

Lalə