Mayın 6-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında 2011-ci il üzrə “Qızıl Kəlmə” Ədəbi Mükafatının qaliblərinin təltifolunma mərasimi keçirildi.
Əvvəlcə “Qızıl Kəlmə” müsabiqəsinin tarixinə qısa nəzər salaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” Ədəbi Mükafatı 2008-ci ildə təsis olunub. 2009-cu ildə ilk qaliblər elan edilib. Müsabiqə çağdaş milli ədəbiyyatın ən parlaq örnəklərini dəyərləndirmək, yaradıcı insanların əməyini stimullaşdırmaq, müasir qələm sahiblərinin yaradıcılığını təşviq etmək məqsədi ilə keçirilir. Müsabiqənin bütün proseduru mədəniyyət və turizm naziri tərəfindən imzalanmış “Əsasnamə” əsasında tənzimlənir. “Qızıl Kəlmə” Ədəbi Mükafatının nazirliyin nümayəndələrindən və nüfuzlu qələm sahiblərindən ibarət 11 nəfərlik münsiflər heyəti var. Ədəbi Mükafat nəsr, poeziya, bədii tərcümə və ədəbi tənqid - publisistika olmaqla 4 nominasiyanı əhatə edir.
Əsasnaməyə uyğun olaraq 2011-ci il üzrə “Qızıl Kəlmə” Ədəbi Mükafatı elan edilib, 1 mart tarixində təqdimat başa çatıb və müsabiqəyə 25 əsər daxil olub.
Nəsr əsərləri nominasiyasına “168 saat” qəzetinin redaksiyası Varisin “Bir ovuc torpaq” kitabını, Azərbaycan Yazıçılar Birliyi Natiq Rəsulzadənin “Çitayuşiy mısli” (rus dilində) romanını, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsi Hafiz Mirzənin “Son və başlanğıc” kitabını, “Azanfilm” studiyası Gülşən Tofiqqızının “Eva” kitabını, “Vətən” nəşriyyatı Yusif Kərimovun “Ədəbiyyat yolu” kitabını, İctimai Televiziya İmir Məmmədlinin “Sazlı-sözlü Sibir” kitabını, “Olaylar” qəzetinin redaksiyası Yunus Oğuzun “Təhmasib şah” romanını, “Nurlar” nəşriyyatı Əli Eyvazovun “Bir batalyonun tarixi” kitabını, “E.L” nəşriyyatı Cavid Zeynallının “Günəşi gözləyənlər” romanını təqdim edib.
Poeziya nominasiyasına Azərbaycan Yazıçılar Birliyi Əjdər Olun “Yaşa” şeirlər kitabını, “Çinar-çap” nəşriyyatı Ağacəfər Həsənlinin “Ümidimin adına küçə” şeirlər kitabını, “Adiloğlu” nəşriyyatı Rəfail Tağızadənin “Qarabağ ruzigarları” kitabını, “Yazıçı” nəşriyyatı Nuranə Nurun “Yanaqda yağış yeri” şeirlər kitabını, “Şəms” nəşriyyatı Qəşəm Nəcəfzadənin “Oğlum, qapını aç...” şeirlər kitabını, “Ədalət” qəzetinin redaksiyası Əbülfət Mədətoğlunun “Ürəyimdəki sənsən” şeirlər kitabını təqdim edib.
Ədəbi tənqid və publisistika nominasiyasına AMEA-nın Folklor İnstitutu Gülxani Pənahın “Mir Cəlalın elmi-nəzəri görüşləri” kitabını, “Adiloğlu” nəşriyyatı Tariyel Abbaslının “Zəminə Xınalının yaradıcılığında hərbi vətənpərvərlik” kitabını, “Araz” nəşriyyatı Rəhilə Elçinin “Milli qəhrəmanım, vətən qürurum” kitabını, “Gənclik” nəşriyyatı Sevda Əlibəylinin “İlk poliqrafçı alim” kitabını, “Elm və təhsil” MMC Akif Əlinin “Vətən mücadiləsi” kitabını, Yardımlı Rayon Təhsil şöbəsi Sabir Bəşirovun “İşıq adam” kitabını, Azərbaycan Yazıçılar Birliyi Nəsiman Yaqublunun “Bakının qurtuluşu” kitabını təqdim edib.
Orijinaldan bədii tərcümə nominasiyasına “Mütərcim” nəşriyyatı Telman Vəlixanlının tərcüməsində M.Dostoyevskinin “Karamazov qardaşları” romanını, “525-ci qəzet”inin redaksiyası Kamran Nəzirlinin “Heç kim heç vaxt ölmür” kitabını, “Şərq-Qərb” nəşriyyatı Nəriman Əbdülrəhmanlının tərcüməsində Andrey Platonovun “Seçilmiş əsərləri” kitabını təqdim edib.
Bütün əsərlər münsiflər heyətinin hər bir üzvü tərəfindən oxunduqdan sonra 3 may 2011-ci il tarixində Müsabiqə Komissiyasının yekun iclası keçirilib. Əsasnaməyə uyğun səsvermənin nəticələri ümumiləşdirildikdən sonra yetərli keçid balları toplayan əsərlər müəyyən edilib. Komissiya üzvləri ədəbi-tənqid və publisistika əsərləri üzrə nominasiya ilə əlaqədar xüsusi təkliflə çıxış ediblər. Bu məqsədlə son iki ildə bu janrlar üzrə nəşr olunmuş ən maraqlı kitablar nəzərdən keçirilib və komissiya üzvləri yekdil rəylə nominasiya üzrə mükafatın Xalq yazıçısı Anarın “Unudulmaz görüşlər” kitabına verilməsini dəstəkləyiblər.
2011-ci il üzrə “Qızıl kəlmə” Ədəbi Mükafatı dörd nominasiya - nəsr, poeziya, bədii tərcümə, ədəbi-tənqid və publisistika üzrə keçirilib. Müsabiqəyə təqdim olunan 25 əsərdən 7-si nominasiyalar üzrə “Qızıl Kəlmə” Ədəbi Mükafatına, iki kitab isə “Qızıl kəlmə” Ədəbi Mükafatı çərçivəsində keçirilən “Şans” ödülünə layiq görülüb.
* * *
“Qızıl Kəlmə” Ədəbi Mükafatının qaliblərinin təltifolunma mərasimini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq son illər dövlətin mədəniyyətə, ədəbiyyata, yaradıcı insanlara göstərdiyi qayğı və diqqətdən, o cümlədən Azərbaycan ədəbiyyatının inkişafı üçün nazirliyin həyata keçirdiyi layihələrdən danışdı. Qeyd olundu ki, tərcümə əsərlərinin çap olunması, dramaturgiya sahəsində xüsusi müsabiqələrin keçirilməsi, Yazıçılar Birliyi ilə birgə “Gənc ədiblər” məktəbinin yaradılması və s. layihələr mədəni ictimaiyyətdə böyük maraqla qarşılanıb. Nazir bildirdi ki, “Qızıl kəlmə” Ədəbi Mükafatı ilə bağlı müsabiqəni keçirməkdə məqsəd ədəbiyyata, kitaba, mütaliəyə marağı artırmaq, eyni zamanda ən dəyərli əsərləri cəmiyyətə təqdim etməkdir.
Tədbirdə çıxış edən nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, tanınmış şair Vaqif Bəhmənli “Qızıl Kəlmə” mükafatının təqdimat mərasimini ədəbiyyat bayramı adlandırdı. Sonra münsiflər heyətinin üzvləri təqdim olundu: müsabiqə komissiyasının sədri - mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, sədr müavini - nazirinin birinci müavini Vaqif Əliyev, üzvlər - nazir müavini Ədalət Vəliyev, nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, şöbənin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu, millət vəkili, professor Nizami Cəfərov, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə, filologiya elmləri doktoru, tərcüməçi Zeydulla Ağayev, “Azərbaycan” jurnalının baş redaktor müavini, tənqidçi Vaqif Yusifli.
Vaqif Bəhmənli bildirdi ki, müsabiqəyə təqdim olunan 25 əsər iki ay ərzində münsiflər heyəti tərəfindən oxunub və qiymətləndirilib. Sonra o, münsiflər heyətinin yekun protokolu üzrə qalibləri elan etdi.
Ədəbi-tənqid və publisistika əsərləri üzrə
Anar. “Unudulmaz görüşlər”
Poeziya əsərləri nominasiyası üzrə
Əjdər Ol. “Yaşa” şeirlər kitabı.
Ağacəfər Həsənli. “Ümidimin adına küçə” şeirlər kitabı.
Bədii tərcümə əsərləri nominasiyası üzrə
Telman Vəlixanlı. M.Dostoyevskinin “Karamazov qardaşları” romanı.
Kamran Nəzirli. “Heç kim heç vaxt ölmür” orijinal tərcümələrdən ibarət kitab.
“Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” ödülü
Nəriman Əbdülrəhmanlı. Andrey Platonovun “Seçilmiş əsərləri” tərcümələr kitabı.
Əbülfət Mədətoğlu. “Ürəyimdəki sənsən” şeirlər kitabı.
Qaliblərə diplomlar və pul mükafatı təqdim olundu.
Münsiflər heyətinin üzvü, Xalq şairi Sabir Rüstəmxanlı qalibləri təbrik edərək bildirdi ki, cəmiyyətdə nə qədər mükafatların, adların əleyhinə mübahisələr, söz-söhbətlər getsə də, yaradıcı insanların həmişə qayğıya, diqqətə ehtiyacı var: “Bu mükafata görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edirik. Əslində elə yazıçıya, şairə mükafatı peşəsinə uyğun olan rəsmi orqanlar verməlidir. Xalq şairi müsabiqəyə təqdim olunan əsərlərə münsiflər heyətinin mümkün qədər obyektiv yanaşıldığını qeyd etdi.
Xalq şairi Mədəniyyət və Turizm Nazirliyinin həm kitab nəşri sahəsində, həm müəyyən mükafatların təsis edilməsində, müəyyən layihələrin gerçəkləşməsində görülən işləri yüksək qiymətləndirdi.
Xalq yazıçısı Anar “Qızıl kəlmə” Ədəbi Mükafatına layiq görülməsini rus şairi Aleksandr Blokun “Gözlənilməz sevinc” şeiri ilə müqayisə etdi və bu mükafatın onun üçün gözlənilməz olduğunu bildirdi. Qeyd etdi ki, Yazıçılar Birliyinin sədri olduğu 24 ildə bir dəfə də özünü nə bir ada, nə bir mükafata təqdim etməyib: “Bu mükafatı çox yüksək qiymətləndirirəm”.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Nizami Cəfərov münsiflər heyətinin üzvü kimi bu işə olduqca məsuliyyətlə yanaşdıqlarını qeyd etdi. İl ərzində ölkəmizdə yüzlərlə kitabın nəşr olunduğunu deyən N.Cəfərov bu sahədə geniş təbliğat aparılmasının və gələcəkdə müsabiqəyə daha çox kitabın cəlb olunmasının vacibliyini vurğuladı: “Bu mükafata çoxlu əsərlər təqdim edilməlidir ki, bizim ədəbiyyatımızın mənzərəsini, ədəbiyyatımızın gücünü, enerjisini göstərə bilsin. Mükafat almış əsərlər ən yaxşı əsərlər kimi təkrar nəşr olunsun. Həmin əsərlər diqqəti cəlb eləsin, oxunsun”.
Mərasimdə yazıçı Natiq Rəsulzadə, şair Əjdər Ol, tərcüməçi Telman Vəlixanlı çıxış edərək qaliblər adından Mədəniyyət və Turizm Nazirliyinə və münsiflər heyətinə təşəkkürlərini bildirdilər.
Təranə Vahid