Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filosof-şair, böyük dramaturq Hüseyn Cavid (1882-1941) ədəbiyyat tarixində öncül yerlərdən birini tutur. Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan Hüseyn Cavid heç kimə bənzəməyən, orijinal bir yaradıcılıq yolu keçib və özündən sonra ölməz əsərlər qoyub gedən söz ustasıdır. Bütün yaradıcılığı boyu xeyirlə şəri qarşılaşdıran və ümumbəşəri dəyərlər işığında xeyirin qələbəsinə öz sənətkar töhfəsini verən ədibin 140 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanası tərəfindən biblioqrafiya hazırlanıb.

“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr olunan biblioqrafiya 1904-2022-ci illəri əhatə edir.

Vəsaitdə ədibin kitabları, dərsliklərdə, məcmuələrdə, dövri mətbuatda çap olunan əsərləri, həyat və yaradıcılığını əks etdirən ədəbiyyat əhatə olunub. Həmçinin xarici dillərdə və dünyanın aparıcı kitabxanalarında mühafizə olunan əsərləri və haqqında ədəbiyyatın biblioqrafik təsvirləri də vəsaitə daxil edilib.

Biblioqrafik göstəricinin elektron variantı ilə bu linkdə tanış olmaq olar: http://anl.az/down/H.Cavid.bib.pdf