Gəncə şəhəri tarix-mədəniyyət abidələri ilə zəngindir. Şəhərdəki “Çökək hamam” da maraqlı tikililərdəndir. 1606-cı ildə memar Şeyx Bahəddinin layihəsi əsasında Səfəvi hökmdarı Şah Abbasın əmri ilə inşa edilən hamam “Şah Abbas hamamı” da adlanır.
Tarixçi Azad Bayramov deyir ki, hamamın “çökək” adlandırılması onun quruluşu ilə bağlıdır. Hamama verilən suyun təzyiqini təmin etmək üçün onu çökəkdə inşa ediblər.
Hamam odunla qızdırılıb. Zirzəmidə iki buxar qazanı yerləşir. Su Şatır arxı və Hacı Bağır kəhrizləri üstündə qurulan supaylayıcıdan götürülüb, hamamın divarlarında və döşəməsində quraşdırılan keramik borularla qızdırıldıqdan sonra, onun buxarı zallara ötürülüb. Beləliklə, həm zallar, həm də hamamın divarları isidilib.
Hamamın tikintisində o zamanın ənənəvi materiallar – qırmızı kərpic, yumurta ağı və gil-əhəngdən istifadə edilib. “Çökək hamam”ın iki böyük və bir kiçik günbəzi var. Böyük günbəzlərin qırağında ventilyator rolu oynayan yarımgünbəzlər tikilib. Onlardan ventilyasiya boruları divarların içərisindən hamama doğru ayrılır. Qışda isti, yayda isə sərin olub.
Hamamın bir giriş qapısı və tunelə oxşar yolu mövcuddur. Abidə 2013-cü ildə bərpa olunub.