İçərişəhərdə yerləşən “Zaman Art” qalereyasında Əməkdar rəssam Eldar Qurbanovun 75 illik yubileyinə həsr olunmuş “Ömürdən səhifələr” adlı fərdi sərgisi davam edir.

Xəbər verdiyimiz kimi, yanvarın 6-da açılışı keçirilən və üç hissədən ibarət sərginin 20 Yanvar faciəsinə həsr olunan “Yüksək ruhlar” adlı ikinci ekspozisiyası artıq ziyarətçilərin ixtiyarına verilib. Ekspozisiya fevralın 1-dək nümayiş olunacaq.

Qeyd edək ki, sərgi praktikasına yenilik gətirən qalereya ilk dəfə olaraq üç ekspozisiyadan ibarət dinamik, dəyişən sərgi keçirir. Əsərlərin ekspozisiyalara bölünməsi tematik xarakter daşıyır. Layihənin ideyası işi üç fərqli mövzuya bölməkdir.

“Mələklərdən hədiyyə” adlanan ilk ekspozisiya yanvarın 19-dək davam edib. Burada avtoportretlər, uşaqlıq xatirələri ilə bağlı əsərlər, rəssamın dünyaya baxışlarını əks etdirən tablolar nümayiş olunub.

Üçüncü ekspozisiya isə “Ətir” adlanacaq və fevralın 3-dən martın 3-dək açıq olacaq. Qadın gözəlliyini əks etdirən üçüncü ekspozisiyada əsasən qadın portretləri yer alacaq.

Lalə