Xəbər verdiyimiz kimi, 2022-ci ildən Beynəlxalq Türk Akademiyasına (BTA, mənzil-qərargahı Qazaxıstanın paytaxtı Astanada yerləşir) Azərbaycandan tarix elmləri doktoru, akademik Şahin Mustafayev rəhbərlik edir. Ondan öncə BTA-nın prezidenti qazaxıstanlı alim Darhan Kıdıralı olub.

Türk dünyasında elm sahəsində əməkdaşlıq məsələləri bu günlərdə BTA-nın prezidenti  Şahin Mustafayevin Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbeklə görüşündə müzakirə olunub.

Görüşdə bildirilib ki, BTA-nın bu ilin martında Bişkekdə (Qırğızıstan) keçiriləcək növbəti iclasının gündəliyi işlənib hazırlanıb.

Ş.Mustafayev qardaş ölkələrin elmi təşkilatları arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, humanitar sahədə birgə layihələrdə Qazaxıstan alimlərinin fəal iştirak edəcəklərinə əminliyini bildirib.

Sayasat Nurbek BTA-nın təşəbbüslərini dəstəklədiyini ifadə edib və quruma işlərində uğurlar arzulayıb.

Qazaxıstan nazirinə BTA-nın türkologiya üzrə nəşr etdirdiyi kitablar təqdim edilib.