Nazir Əbülfəs Qarayev: «Azərbaycan çoxsaylı qonaqları qarşılamağa, onlara yüksək səviyyəli xidmət göstərməyə qadir ölkədir»
   
   İyunun 13-də «Jumeirah Bilgah Beach» hotelində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda yay turizm mövsümünün başlanmasına həsr olunmuş tədbir keçirildi. Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, diplomatik korpus təmsilçiləri, mehmanxana və turizm şirkətlərinin nümayəndələri iştirak edirdi.
   
   Mərasimi nazirliyin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov açaraq dünyada turizm sektorunun vəziyyəti, ölkəmizdə bu sahənin inkişafı barədə danışdı. Qeyd etdi ki, turizm sektoru dünyada iqtisadiyyatın qeyri-neft sahələri arasında aparıcı mövqedə dayanır. Dünya üzrə ümumi milli məhsulun 10, ixracın isə 8 faizi beynəlxalq turizmin payına düşür. Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm sektorunda və onunla bağlı iqtisadiyyat sahələrində çalışır. Son 3 ildə maliyyə böhranına baxmayaraq, Dünya Turizm Təşkilatının turizmlə bağlı göstəricilərinə əsasən, turizmin gətirdiyi gəlirlər artır. Bu rəqəm dünya üzrə 2011-ci ildə 1 trilyon dolları keçib.
   Sektor müdiri Azərbaycanda da turizmin ölkə iqtisadiyyatının prioritet sahələrindən biri olduğunu bildirdi: “Turizm sektoru ölkəmiz üçün bir neçə cəhətdən - iqtisadiyyatın güclənməsi, bölgələrin inkişafı və Azərbaycanın bütün dünyada daha geniş tanınması baxımından vacibdir”. Natiq Prezident İlham Əliyevin bu barədə mühüm bir fikrini də sitat gətirdi: “Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir”.
   
   Ölkə turizmini irəli aparacaq güclü mütəxəssislər formalaşıb
   
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son illər Azərbaycanda müasir standartlara cavab verən çoxlu sayda mehmanxanalar istifadəyə verilib. Bu işlər 2010-cu ildə ölkə başçısı tərəfindən turizmin inkişafına dair Dövlət Proqramı təsdiq olunduqdan və ötən il Azərbaycanda «Turizm ili» elan olunmasından sonra daha da sürətlənib: «Azərbaycanda qeyri-enerji sektorunun vacib hissəsinə çevrilmiş turizm sənayesi çox böyük sürətlə inkişaf etməkdədir. Beynəlxalq turizm statistikası göstərir ki, ötən il dünya miqyasında artımın rəqəmləri 5-6 faiz civarında olduğu halda, Azərbaycanda bu rəqəm 14 faiz olub. İlk dəfə ölkəmizə gələn insanların sayı 2 milyon rəqəmini keçərək 2 milyon 134 min nəfər təşkil edib. Mehmanxana və mehmanxana tipli obyektlərin sayı 500-ü ötüb. Hazırda respublikamızda 508 mehmanxana fəaliyyət göstərir. Ötən il turizm təhsili sahəsində də ciddi addımlar atmağa nail olmuşuq. Bu gün Azərbaycan Turizm İnstitutunda 1400-dən artıq tələbə təhsil alır. Onların sırasında magistrantlar və doktorantlar da var. Bundan əlavə, institutun nəzdində iki yeni tədris mərkəzi açmağa nail olmuşuq».
   Nazirin sözlərinə görə, Azərbaycanda keçirilən böyük beynəlxalq silsilə tədbirlər onu göstərir ki, ölkəmiz gələn çoxsaylı qonaqları qarşılamağa, onlara yüksək səviyyədə xidmət göstərməyə qadir ölkədir: «Azərbaycanda güclü turizm sənayesini irəli aparan mütəxəssislər formalaşıb. Bu gün ölkəmizdə fəaliyyət göstərən turizm təşkilatları, onları birləşdirən assosiasiya, mehmanxana şəbəkəsi, gidlər ordusu var. Regionların inkişafı ilə bağlı ölkə başçısının imzaladığı sərəncam və fərmanlar əsasında turizm infrastrukturu paytaxtla yanaşı, bölgələrdə də inkişaf edir”.
   May ayında Bakıda keçirilən «Eurovision» mahnı müsabiqəsindən danışan nazir bildirdi ki, müsabiqə Azərbaycanda turizm xidmətlərinin tamamilə yeni bir səviyyəyə yüksəldilməsinə təkan verdi. Bakıda şəhər turları formalaşıb, xüsusi ekskursiyalar şəbəkəsi, internet vasitəsilə onların bu turlara marağı artıq günümüzün gerçəkliyidir. Azərbaycan bir il müddətində 15 beynəlxalq turizm sərgisinə qatılır və onların coğrafiyası dünyanın bütün qitələrini əhatə edir. «Turizm ili»nin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar bu günlərdə ölkə başçısının sərəncamı ilə turizm sənayesində işləyən üç təcrübəli əməkdaşa “Əməkdar mədəniyyət işçisi” fəxri adı verildi. Bütün bunlar indiyədək görülmüş işlərdir. Bu gündən Azərbaycanda yay turizm mövsümünə start verilir. Bu mövsümdə ölkə vətəndaşlarının və xarici turistlərin Azərbaycanda istirahətinin təşkili bizim üçün önəmli bir vəzifədir».
   
   Turizm sənayesi düzgün inkişaf yolundadır
   
   Nazir qeyd etdi ki, muzeylər, mədəniyyət ocaqları turistlərə xidmət etməyə hazır olmalıdır: “Xidmətlərin keyfiyyətini daima nəzarət altında saxlayacağıq. Artıq Mədəniyyət və Turizm, İqtisadi İnkişaf nazirliklərinin və digər dövlət qurumları nümayəndələrinin daxil olduğu monitorinq qrupu ölkənin regionlarına səfərlər edir, turizm obyektlərində göstərilən xidmətləri nəzərdən keçirirlər. Turizm şirkətlərinə və mehmanxana rəhbərlərinə üzümü tutaraq deyirəm ki, gələn qonaqlara yüksək xidmətlər təqdim etməliyik. Əgər bu vəzifənin öhdəsindən gələ bilməsək, onda bütünlükdə turizm sənayesinin inkişafından danışmaq yersizdir. Biz bütün kateqoriyalı turistlərə maddi imkanlarına müvafiq xidmətlər təklif etməliyik. Bununla da öz vətəndaşlarımıza sübut etməliyik ki, turizm sənayesi düzgün inkişaf yolundadır».
   Turizm sənayesi nümayəndələrin, yay turizm mövsümünün başlanması münasibətilə təbrik edən nazir çıxışının sonunda qeyd etdi ki, bu, gərgin bir işin başlanmasının bayramıdır.
   
   «Time Out» və «Problemsiz Səyahət» təqdim edildi
   
   Tədbirdə Azərbaycanda hotel menecmenti üzrə treninqləri həyata keçirən «American hotel and lodging education insitute» tərəfindən hazırlanmış təlimçilərə sertifikatlar təqdim olundu. Sonra “Azərbaycanı kəşf edək» layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Londonun «Time Out» nəşriyyatı tərəfindən çap edilmiş bələdçi kitabı və «Golden book» nəşriyyat evi tərəfindən çap olunan «Problemsiz Səyahət» kitabçası təqdim olundu. Nazirliyin sektor müdiri M.Qəhrəmanov nəşrlər barədə məlumat verdi. Onun sözlərinə görə, layihə çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiyanın «Vokruq sveta», Fransanın «Mondeos», Birləşmiş Krallığın «Bravo Ltd» və «Filmer Limited», Birləşmiş Ərəb Əmirliklərinin «Explorer Publishing & Distribution» nəşriyyatları tərəfindən Azərbaycanı təbliğ edən bələdçi kitabları da hazırlanıb və müxtəlif ölkələrdə satışa çıxarılıb. Bu məlumat kitabçaları turizm informasiya mərkəzləri vasitəsilə yerli və xarici turistlərə çatdırılacaq.
   
   Daha bir turizm saytı fəaliyyətə başladı
   
   Tədbir çərçivəsində təqdimatı keçirilən daha bir reklam məhsulu www.azerbaijan.travel saytı oldu. «Dream art» dizayn şirkətinin baş meneceri Rəşad Rəsulov sayt haqqında məlumat verərək bildirdi ki, www.azerbaijan.travel Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınmış domendə yaradılıb. Saytın hazırlanması tam olaraq iyul ayında başa çatacaq. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək portal xarici ölkələrin təcrübəsinə əsasən hazırlanıb.
   Sonra tədbir Azərbaycanın mədəniyyət və incəsənət ustalarının çıxışları ilə davam etdirildi. 
   

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar