AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru, dosent Nazim Yarməmmədovun “Seyid Əzim Şirvani arxivinin təsviri” adlı kitabı çapdan çıxıb.

İnstitutda saxlanılan Seyid Əzimin arxivi müxtəlif şeirlər, məktub, kitab və s. sənədlərdən – ümumilikdə 80 saxlama vahidindən ibarətdir.

Kitabda materiallar “Külliyyat”, “Təzkirə”, “Divan”, “Qəzəl”, “Həcv”, “Qəsidə”, “Müxtəlif şeirlər”, “Seyid Əzim Şirvaninin yazışmaları”, “Qeydlər”, “Nacinin tərcümeyi-halı və qəzəlləri”, “S.Ə.Şirvaniyə aid sənədlər”, “Nəsrlə yazılmış əlyazmalar” bölmələri üzrə verilib.

Tərtibçi həmçinin Seyid Əzimin mədrəsə şagirdləri üçün hazırladığı, Əlyazmalar İnstitutunda qorunub saxlanılan və bu vaxta qədər çap olunmamış “Rəbiül-ətfal” adlı dərsliyin avtoqraf nüsxəsinin əhəmiyyətini nəzərə alaraq onun transfoneliterasiyasını hazırlayıb kitaba əlavə edib.

Kitabın rəyçisi institutun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəsib Göyüşov, redaktoru həmin şöbənin böyük elmi işçisi İradə Vəzirovadır.