Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında gənc yazar Zinyət Samirin “Tomtomi” kitabının təqdimatı keçirilib.

Kitabxananın direktoru Aslan Cəfərov çıxış edərək kitabın azyaşlı oxuculara rəsm çəkməyin əsaslarını öyrətməklə yanaşı, həyatda onların dürüst, təmkinli, savadlı, vətənpərvər bir insan kimi yetişmələrinə yardımçı olacağını bildirib.

Müəllif Zinyət Samir kitabda bəhs edilən qəhrəmanın Xalq rəssamı Əşrəf Heybətov olduğunu bildirib. O, iki hissədən ibarət kitabda birinci hissənin üçgünlük dərslərdən, ikinci hissənin isə şagirdlərin qısa hekayələr yazmasından bəhs etdiyini söyləyib. Kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edən yazar təqdimatın bu gün məhz mədəniyyət və mütaliə ocağı olan kitabxanada keçirilməsindən məmnunluq hissi duyduğunu deyib.

Xalq rəssamı Əşrəf Heybətov “Tomtomi” kitabını “mehriban və parlaq hekayə” adlandıraraq gənc müəllifin yaradıcılığını yüksək qiymətləndirib və ona gələcək işlərində uğurlar arzulayıb.

Sonda Zinyət Samir kitabxanaya və tədbir iştirakçılarına imzalı kitablarını hədiyyə edib.