Yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin binasına edilmiş terror hücumu dünyanın müxtəlif ölkələrindəki soydaşlarımız arasında hiddətlə qarşılanıb. Diaspor təşkilatlarımız bəyanatlar yayaraq səfirliyimizə edilmiş bu xain hücuma görə İran dövlətini cavab verməyə, dünya birliyini hadisəyə münasibət bildirməyə çağırıblar.

Almaniyada yaşayan soydaşlarımızın adından Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzi, Münxen Azərbaycan Evi, Alman-Azərbaycan Dostluq Mərkəzi və Alman-Azərbaycan Dostluq Körpüsünün yaydığı bəyanatlarda səfirliyimizin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı sərt şəkildə pislənilib.

Diaspor təşkilatları alman ictimaiyyətini və beynəlxalq birliyi bu qanlı terror hadisəsinə görə etiraz səsini ucaltmağa, regionda sabitliyi pozmağa yönəlmiş təxribatların qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə tədbirlər görməyə çağırıblar.

Azərbaycanın Tehrandakı Səfirliyinə edilmiş silahlı hücum Norveçdə yaşayan soydaşlarımızın da hiddət və qəzəbinə səbəb olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Oslo Azərbaycan Evi”nin, Norveç Azərbaycanlıları Gənclər Birliyinin (NAYO) və Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveçdəki koordinatorluğunun yaydığı bəyanatlarda İranda diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmadığı vurğulanıb. Soydaşlarımız Norveç ictimaiyyətindən və beynəlxalq birlikdən bu terror hadisəsinə qarşı etiraz səsini ucaltmağı xahiş edib.

İrandakı səfirliyimizə edilmiş silahlı hücum Avstraliyada yaşayan Azərbaycan icmasında böyük qəzəb doğurub. Avstraliya-Azərbaycan Assosiasiyası, Avstraliya-Azərbaycan Mədəniyyət Assosiasiyası, Kvinslend Azərbaycanlıları Cəmiyyəti, Viktoriya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyası və digər təşkilatların yaydığı bəyanatda  terror aktı şiddətlə pislənib. Həmçinin İranın Azərbaycana münasibətdə Ermənistanla eyni mövqedən çıxış etdiyi, ölkəmizin sərhədləri daxilində davamlı olaraq qanunsuz əməllər törətdiyi, son vaxtlar 27 İran vətəndaşının Laçın yolundan istifadə edərək qeyri-müəyyən məqsədlərlə Qarabağ ərazisində olan separatçılara qoşulduğu nəzərə çatdırılıb.

Qazaxıstanda yaşayan soydaşlarımız da Azərbaycanın Tehrandakı Səfirliyinə edilmiş silahlı hücumla bağlı hiddət ifadə edən bəyanat yayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Ata Yurd-NOMAD” İctimai Birliyi, “Turan” Azərbaycanlılar Konqresi, “Xəzər” Etnomədəni Birliyi, Respublika Azərbaycanlılar Assosiasiyasının Almatı filialı, Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti, Ş.Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti nəzdindəki Azərbaycan Mərkəzi və digər təşkilatlar adından yayılan bəyanatda beynəlxalq birliyə regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa və İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməyə çağırış yer alıb.

Bəyanatlar BMT başda olmaqla beynəlxalq təşkilatlara, eləcə də yerli və beynəlxalq media qurumlarına ünvanlanıb.