F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti, Prezident təqaüdçüsü, tarzən, musiqi təşkilatçısı Fikrət Verdiyevin (1947-2022) xatirə gecəsi keçirilib.
Şəhər rəsmiləri, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, sənətkarın ailə üzvləri və digər qonaqların iştirak etdiyi tədbirdə əvvəlcə F.Verdiyevin xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və digər çıxış edənlər F.Verdiyevin Azərbaycan incəsənətinə, xüsusilə Gəncə şəhərində musiqi mədəniyyətinin inkişafına töhfələrindən söz açıblar. Vurğulanıb ki, o hər zaman istedadlı gənclərə önəm verən, onlara yol açan və dəstək göstərən sənətkarlardan olub.
Gecədə F.Verdiyevin yaratdığı və uzun illər rəhbərlik etdiyi “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı tərəfindən konsert proqramı təqdim edilib.
Sonda Xan Şuşinski Fondunun rəhbəri, sənətkarın ömür-gün yoldaşı Bəyimxanım Verdiyeva çıxış edərək tarzənin sənətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib. O, Fikrət Verdiyev sənətinin qəlblərdə yaşayacağını deyib.