Səfir Leyla Abdullayeva ilk mətbuat konfransını keçirib

 

Azərbaycanın Fransadakı yeni səfiri Leyla Abdullayeva Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirib.

Səfir Leyla Abdullayeva çıxışında ölkəmizin ötən əsrin sonlarında müstəqilliyini bərpa etməsi, Ermənistanın təcavüzü ilə üzləşməsi, otuz ilə yaxın davam edən işğalın fəsadları barədə danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın bu illər ərzində işğala son qoymaq və problemi danışıqlar yolu ilə həll etmək səyləri Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşib. Münaqişənin həlli məqsədilə yaradılmış Minsk qrupu da otuz il ərzində heç bir irəliləyişə nail olmayıb. Nəticədə Azərbaycan 2020-ci ildə öz ərazilərini hərbi yolla azad edib.

Müharibənin başa çatmasından sonra Azərbaycanın atdığı konstruktiv addımlar və sülh müqaviləsi imzalanması üçün Ermənistana etdiyi təklif barədə danışan diplomat qarşı tərəfin hələ də qeyri-konstruktiv mövqeyini davam etdirdiyini və Azərbaycanın Qələbəsini həzm edə bilmədiyini deyib.

Səfir ölkəmizin regionda sülhün bərqərar olunması istiqamətində gördüyü işlərdən danışıb.

Laçın dəhlizi ətrafındakı vəziyyət barədə söz açan səfir dəhlizin açıq olduğunu vurğulayıb. Qeyd edib ki, dəhliz humanitar məqsədlər üçün nəzərdə tutulsa da, Ermənistan bu dəhliz vasitəsilə Azərbaycan ərazisinə minalar, silahlar və hərbçilər göndərib. Bütün bunlara, eləcə də Rusiya sülməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə təbii sərvətlərin qeyri-leqal istismarına etiraz olaraq azərbaycanlı gənclər ötən ilin dekabrından Laçın-Xankəndi yolunda dinc aksiya keçirirlər. Diplomat vurğulayıb ki, Ermənistan qeyri-leqal fəaliyyətini davam etdirmək məqsədilə Laçın dəhlizi ilə bağlı reallığı əks etdirməyən məlumatlar yayır.

Səfir Leyla Abdullayeva jurnalistlərin suallarını cavablandırıb.

Sonda media mənsubları AMM-də ölkəmizin mədəniyyətini əks etdirən eksponatlarla tanış olublar.