Viktor Orban: “Biz bu qərarı verdik, gəlin Azərbaycana tərəf gedək...”

 

Bilirsiniz ki, macar tarixçilərinin fikrinə görə, Ural dağlarının şərq tərəfindən uzun səfərimiz zamanı biz çağdaş Azərbaycanın ərazisində müəyyən vaxt keçirmişik. Məhz buna görə biz Prezident Əliyevin Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvü olaraq qoşulmasını dəstəklədiyinə görə minnətdarıq. Çünki iki ölkə arasında mədəni oxşarlıq var.

Macarıstanın Baş naziri Viktor Orban bu sözləri yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi naharda çıxışı zamanı deyib.

Macarıstanın hökumət başçısı qeyd edib ki, iki ölkə arasında tarixdən gələn mədəni oxşarlıq indi zahirən o qədər də açıq-aşkar görünməyə bilər. Çünki macarlar bu torpaqlara gələndən müəyyən vaxt sonra xristian oldular. Azərbaycan da öz müsəlman kimliyini qoruyub saxlaya bilib.

İki ölkə arasında dostluq münasibətlərinin xüsusilə son illər möhkəmləndiyini vurğulayan Viktor Orban deyib: “Macarıstan 2010-cu ildə çox mühüm bir qərar qəbul etdi. Biz strateji tərəfdaşları harada tapa biləcəyimizi müəyyən etmək üçün dünyaya nəzər saldıq. Biz təkcə maliyyə maraqları deyil, daha möhkəm dostluq axtarışındaydıq. Çünki NATO, Avropa İttifaqı – bunlar gözəl şeylərdir. Amma onlar artıq o gözəlliyini itirib. Biz 2010-cu ildə dedik ki, biz tək özümüzə arxalana bilmərik. Biz bu qərarı verdik, gəlin Azərbaycana tərəf gedək...”.

Macarıstanın Baş naziri vurğulayıb ki, dostları qazanmaq o qədər də asan deyil: “Macarlar üçün bu, xüsusilə çətindir. Dost qazananda sən dostunun bütün səhvlərini bağışlamalısan. Biz macarlar da bir neçə səhv etmişik. Beləliklə, biz səhvlərimizi bağışlamağa hazır olan dostları tapmalıyıq...”.

Viktor Orban qeyd edib ki, eyni dalğada olan ölkələr özlərinin strateji və geostrateji yerləşmə nöqteyi-nəzərindən oxşar olub-olmadıqlarını anlayırlar: “Bunu anlamaq üçün alim olmaq lazım deyil. Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə sərhəddir. Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib. Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”.

İki ölkə arasında son illərdə xüsusilə möhkəmlənən dostluğa görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edən  Viktor Orban bildirib ki, biz sizin enerjinizə görə dostunuz deyilik, çünki indi sizin çoxlu enerji dostunuz var: “Biz sizinlə mədəniyyəti, oxşar keçmişi paylaşırıq. Biz Sizin bizə təklif etdiyiniz imkanları çox yüksək dəyərləndiririk. Siz macarlara Azərbaycanın neft sənayesinə sərmayə yatırmağa icazə verdiniz. Bu da bizim xaricə yatırdığımız ən böyük sərmayələrdən biri, bəlkə də ən böyüyüdür. Bizim şanslarımız var. Özümüzü yaxşı aparsaq, bizim gələcəkdə imkanlarımız olacaq... Yaşasın Azərbaycan!”.

Prezident İlham Əliyev Macarıstan Baş nazirinin söylədiyi xoş sözlərə görə təşəkkürünü bildirərək qeyd edib ki, həqiqətən də, Macarıstan və Azərbaycan həm strateji tərəfdaşlardır, eyni zamanda, yaxın dost ölkələrdir: “Hazırda bizi birləşdirən bir çox bağlar var. Amma hesab edirəm ki, onların arasında təməl amillər bizim dünyaya olan ortaq baxışlarımızdır. Bu, bizi daha da bir-birimizə sıx bağlayır və dostluğumuzu daha da gücləndirir. Milli ənənələrə sadiqlik, ailə dəyərlərinin qiymətləndirilməsi kimi prinsiplər bizim həyat prinsiplərimizdir. Həm ikitərəfli münasibətlərə baxışlarımız eynidir, həmçinin dünyada gedən prosesləri də biz eyni prizmadan qiymətləndiririk...

Əziz dostum dediyi kimi, biz enerji dostları deyilik, biz əsl dostlarıq. Deyə bilərəm ki, son bir il ərzində Azərbaycana enerji resurslarının təchizatı ilə bağlı 10-dan çox ölkədən sifarişlər gəlmişdir, xahişlər edilmişdir. Deyə bilərəm ki, bütün bu təkliflər indi müzakirə edilir və adi qaydada müəyyən bürokratik prosedurları nəzərə almaq şərtilə müzakirə olunur və sonra, əlbəttə ki, qərarlar qəbul ediləcək. Amma Macarıstanla Azərbaycan arasında təbii qaz sahəsində əməkdaşlığa dair bu gün imzalanmış sənəd, deyə bilərəm ki, cəmi üç gün ərzində hazırlanmışdır və bu gün imzalanmışdır... Bu, bir daha əlaqələrimizin nə qədər səmimi olmasından xəbər verir. Əlaqələrimizin ən böyük dəyəri məhz budur – qarşılıqlı etimad, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar üzərində birgə fəaliyyətimiz”.

İndiyədək bir neçə dəfə macar xalqının etimadını qazanmış Viktor Orbana bundan sonrakı fəaliyyətində uğurlar arzulayan İlham Əliyev deyib: “Biz siyasi müstəvidə veteranlar sayıla bilərik. Yaşımıza görə yox. Viktor məndən də tez rəhbər seçildi, 35 yaşında. Mən ondan bir qədər sonra, 41 yaşımda. Hələ ki, bizim gücümüz yerindədir və əminəm, şəxsi dostluğumuz və ölkə rəhbərləri kimi əməkdaşlığımız bundan sonra da uzun illər davam edəcək”.

***

Qeyd edək ki, İlham Əliyev yanvarın 30-da Macarıstan Prezidenti xanım Katalin Novak ilə də görüşüb. Xanım Novak da ölkələrimiz arasında əlaqələrə, o cümlədən enerji sahəsində əməkdaşlığa böyük önəm verdiklərini bildirib. O, həmçinin Azərbaycan Prezidentinin Macarıstanın Baş naziri ilə aparacağı danışıqların əhəmiyyətini və səfərin yaxşı davam edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Xatırladaq ki, Macarıstan dövlət quruluşuna görə parlament respublikasıdır və ölkə həyatı ilə bağlı həlledici qərarları icra hakimiyyətinin rəhbəri kimi Baş nazir verir.

Prezident İlham Əliyevin Baş nazir Viktor Orbanla görüşündən sonra imzalanan ikitərəfli sənədlər də qarşılıqlı əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsi üçün mühüm zəmindir.

Prezident İlham Əliyev və Baş nazir Viktor Orban tərəfindən Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.

“Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Vesprem şəhərinin meri Gyulya Porqa imzalayıblar.

Bundan əlavə, iki ölkənin aidiyyəti qurumları arasında təbii qaz əməkdaşlığı haqqında, bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq, miqrasiya sahəsində əməkdaşlığa dair, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında anlaşma memorandumları, habelə Azərbaycan Xarici İşlər Nazirliyi ilə Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

“Bizim əməkdaşlığımızın böyük hissəsi enerji məsələlərinə həsr olunsa da, təkcə bu məsələlərlə məhdudlaşmır”, – deyə Prezident İlham Əliyev imzalanma mərasimindən sonra mətbuata bəyanatında bildirib. Dövlət başçısı bu xüsusda nəqliyyat sahəsində əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, biz dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artıb. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu – istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir.

Prezident təhsil sahəsində əlaqələrin çox yaxşı nəticələri olduğunu deyib və Azərbaycandan 200 gəncin Macarıstan hökumətinin dəstəyi ilə alınmış təqaüdlə bu ölkədə oxuduğunu bildirib və buna görə təşəkkürü edib: “Bu, əlbəttə ki, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir, eyni zamanda, dostluğumuzu da böyük dərəcədə gücləndirəcəkdir”.

Dövlət başçısı həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi və bu torpaqlarda quruculuq işlərində Macarıstanla əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu vurğulayıb.