Yanvarın 30-da Moskvada Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu arasında görüş keçirilib.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı xəbərdə bildirilir ki, söhbət zamanı Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 2022-ci ilin fevralında Moskvada imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin müddəalarının icrası kontekstində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub.

Həmçinin bir sıra beynəlxalq və regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının icrası əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərinə toxunulub.