İstiqlal şairi, görkəmli maarifçi və ictimai xadim Əhməd Cavadın (1892-1937) anadan olmasının 130 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından şair haqqında ilk fundamental biblioqrafik göstərici çap olunub.

1911-2022-ci illərdə çap olunmuş materialları əhatə edən biblioqrafiyada Əhməd Cavadın əsərləri – kitabları, dövri mətbuatda və məcmuələrdə dərc edilən şeirləri, məqalələri, tərcümələri, xarici mənbələrdə çap edilən şeirləri, eləcə də haqqında çapdan çıxan zəngin materiallar toplanıb.

Materiallar Azərbaycan, türk və başqa dillər üzrə qruplaşdırılıb. Biblioqrafik vəsaitin informativ dəyərini artıran bölmələrdən biri “Əhməd Cavad dünya kitabxanalarında” adlanır. Bu bölmədə bir sıra ölkələrin milli kitabxanalarında və universitet kitabxanalarında saxlanılan şairə dair ədəbiyyatlar yer alıb. “Əhməd Cavadın həyat və fəaliyyətinin əsas tarixləri”, “Əhməd Cavad yaradıcılığından sətirlər”, “Görkəmli şəxsiyyətlər Əhməd Cavad haqqında” bölmələri üzrə də kitabda məlumatlar əksini tapıb.

Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə sonda köməkçi göstəricilər – Əhməd Cavadın əsərlərinin əlifba göstəricisi və şair haqqında yazan müəlliflərin əlifba göstəriciləri də verilib. Biblioqrafiya ədəbiyyatşünaslar, elmi tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş istifadəçi kütləsi üçün nəzərdə tutulub.

Göstərici ilə daha ətraflı http://anl.az/down/E.Cavad2022.pdf linki vasitəsilə də tanış ola bilərsiniz.