C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və “GUYS” ("Gəncliyə dəstək üçün ümumi birlik") İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Kitabxananın direktoru Aslan Cəfərov tədbiri açaraq Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin  Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini vurğulayıb. Bu siyasətin nəticəsi olaraq “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul edilməsi, Gənclər Fondunun, gənclər üçün Prezident mükafatının təsis edilməsi və s. məqamlar diqqətə çatdırılıb.

“GUYS” İctimai Birliyinin sədri Mübariz Quliyev Azərbaycan gəncliyinin çağdaş dünyanın çağırışları ilə ayaqlamasından, müasir texnologiyalara marağından danışıb.

Şair, Prezident təqaüdçüsü Ramil Əhməd ölkənin elm və mədəniyyət sahələrində çalışan gənclərin fəallığından, müxtəlif yerli və beynəlxalq layihələrə, proqramlara cəlb olunmalarından söz açıb.

Kitabxananın əməkdaşları “Zəfər dastanı yazan qalib Azərbaycan gəncliyi”, “Dövlətin gənclər siyasəti”, “İntellektual Azərbaycan gəncliyi: gələcəyimizin etibarlı davamçısı” mövzularında çıxışlar ediblər. Əməkdaşlar tərəfindən hazırlanan videomaterial, “Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmal haqqında məlumat verilib.

Sonra kitabxananın əməkdaşlarına “GUYS” İB tərəfindən diplom və təşəkkürnamə təqdim edilib.