Fevralın 1-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Gənclər Gününə həsr olunmuş “Heydər Əliyev və dövlətin gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə ziyalılar, tələbə gənclər və digər qonaqlar iştirak ediblər.

Çıxışlarda ölkəmizdə uğurlu gənclər siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu, dövlətimizin gənclərə hər zaman xüsusi diqqət və qayğının göstərdiyi bildirilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin  göstəricisidir.

Siyasi elmlər doktoru, professor Elçin Əhmədov çıxışından sonra gənclərin suallarını ətraflı cavablandırıb. Alim həmçinin “Şuşa – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı”, “Ermənistanın Azərbaycana təcavüzü” və “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adlı kitablarını kitabxanaya hədiyyə edib.