Ədəbiyyat aləmimizdə tanınmış söz ustaları çox olub. Onlar xatırlanarkən ilk yada düşən qələm sahiblərindən biri də Hikmət Ziyadır. O, uşaq aləmindən xeyli adda əsərlər yazıb. Lakin biz onu daha çox təmsilçi kimi tanıyırıq. Onun satirik istedadı bu sahədə çox parlaq görünüb...
Hikmət Ziya 13 may 1929-cu il tarixdə Şəki şəhərində anadan olub. Sonra valideynləri Ağdam şəhərinə köçür. Hikmətin uşaqlıq illəri də Qarabağda keçir. Orta təhsilini Ağdam şəhər 1 saylı orta məktəbində alır. Sonra ali təhsil almaq məqsədilə Bakıya gəlir. Azərbaycan (Bakı) Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra təyinatını “Azərbaycan pioneri “ qəzeti redaksiyasına alır. Burada uzun müddət (1952-1969) ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifəsində çalışır. 1969-1984-cü illərdə “Göyərçin“ jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri, məsul katib vəzifələrində işləyir.
Ədəbi yaradıcılığa isə 1952-ci ildə başlayır. İlk şeiri “Azərbaycan pioneri“ qəzetində dərc etdirdiyi “Qeqola” olur. Bundan sonra o, dövrü mətbuatda vaxtaşırı dərc olunur. İlk satirik şeirləri, “Atamın hədiyyəsi”, “Bahar gözəldir, ya qış?”, “Milçək ürəyi” kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunub.
“Sınaq”, “Ekiz qardaşlar” pyesləri tamaşaya qoyulur. Librettolarına (“Nənəmin nağılı”, “İkilərin sərgüzəştləri”, “Solğun çiçəklər”) və şeirlərinə musiqi bəstələnir. Hikmət Ziyanın əsərləri SSRİ xalqlarının dillərinə tərcümə olunur.
Onun təmsillərində əliəyrilər, yaltaq və ikiüzlülər satira atəşinə tutulur. Qısa təmsillərinin əksəriyyəti öz ədəbi taleyi olan, həyat və insan haqqında yazılmış əsərlərdir. Bu təmsillər fəlsəfi ümumiləşdirmələr yolu ilə yarananda daha tutarlı səslənir.
Suda boğulan hekayə
Bir romanı sıxdılar,
Çıxartdılar suyunu.
Gördülər selə düşən
Hekayə olduğunu.
Hindtoyuğu və qanad
Hindtoyuğu özünü mahir quş sanırdı.
Forsundan, yol gedəndə pipiyi sallanırdı.
Haldan-hala düşürdü.
Gündə min yol şişirdi.
Həmişə də utanıb-qızarmadan deyirdi:
- Quşa qanad gərəkdir,
Uçmaq vacib deyildir!..
Hikmət Ziya Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, “Mozalan” satirik kinojurnalı bədii şurasının, “Azərbaycan pioneri” və “Literaturnıy Azerbaydjan” jurnallarının redaksiya heyətinin üzvü olub. Onun adına “Hikmət Ziya" ədəbiyyat mükafatı təsis edilib.
Coşqun şair, işgüzar tərcüməçi, Əməkdar incəsənət xadimi Hikmət Ziya oğlu Əfəndiyev 1995-ci ili avqustun 2-də vəfat edib.
Savalan Fərəcov