Mədəniyyət Nazirliyinin tabeliyindəki Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə işıq üzü görən “44 gün – tarixi Zəfər” adlı kitab şəhid ailələrinə və qazilərə təqdim edilib.

Yanvarın 31-də Şirvan Şəhər Mədəniyyət Mərkəzində keçirilmiş tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə 44 günlük Vətən savaşında müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığından, şanlı Qələbənin təməlində Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin dayanmasından, Prezident, Ali Baş Komandan İlham Əliyevin güclü iradəsindən, dövlət-xalq-ordu birliyindən söz açılıb.

Sonda Respublika Xatirə Kitabının “Vətən daşı... və ya 44 günün dastanı” layihəsi əsasında çəkilmiş film nümayiş etdirilib.