İyunun 11-13-də İspaniyanın paytaxtı Madriddə Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 93-cü sessiyası keçirilib. Azərbaycanı bu tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev təmsil edib.
Rauf Paşayevin qəzetimizə verdiyi məlumata görə, qurumun iclasında DTT-yə üzv ölkələrin turizm nazirləri və digər yüksək vəzifəli məmurlar iştirak ediblər. Açılış sessiyasında DTT-nin Baş katibi Taleb Rifai, İspaniyanın sənaye, energetika və turizm naziri Xose Manuel Soria çıxış edərək iqtisadi böhran zamanı dünya iqtisadiyyatında turizmin vacib rol oynadığını vurğulayıblar. Toplantıdakı çıxışlarda qeyd olunub ki, 2011-ci ildə dünya turizminin artımı 4,6% təşkil edib. Şimali və Cənubi Amerika, Avropa, Cənub-Şərqi Asiya, Mərkəzi və Cənubi Afrika kimi regionlarda turizmin inkişafı müşahidə edilib. Yaxın Şərq və Şimali Afrika regionlarında turistlərin sayı azalıb.
Bundan əlavə, tədbir iştirakçıları turizmin inkişaf tendensiyaları, DTT-nin prioritetləri, 2010-2011-ci illər üzrə iş proqramının yerinə yetirilməsi, 2012-2013-cü illər üzrə proqramın reallaşdırılması, təşkilatın 2012-ci il maliyyə vəziyyəti barədə müzakirələr aparıblar. Tədbirin gedişində DTT-nin İcraiyyə Şurasının növbəti sessiyasının 2012-ci ilin oktyabrında Meksika, DTT-nin Baş Assambleyasının 20-ci sessiyasının isə 2012-ci ilin 24-29 avqust tarixlərində Zambiya, Keniya və Zimbabvedə keçirilməsi qərara alınıb.
Fəxriyyə Abdullayeva