Qax rayonu ərazisində Qafqaz Albaniyası dövrünə aid irili-xırdalı 20-dən çox tarixi-memarlıq abidəsi mövcuddur. Bu abidələr arasında Ləkit kəndinin yaxınlığında yerləşən V əsrə aid Dairəvi məbəd və VI-VII əsrlərə aid Yeddi kilsə monastır kompleksi xüsusi əhəmiyyət kəsb edir.
Dairəvi məbəd Qafqaz Albaniyası dövrünə aid ən qədim tikililərdən hesab olunur. Ləkit kəndindən bir kilometr aralıda, Ləkit çayının kənarında yerləşən məbədin ərazisi 5 hektardır.
Şəki RMİ-nin tabeliyindəki Qax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mahir Əfəndinin məlumatına görə, Dairəvi məbədin elmi cəhətdən öyrənilməsi və bərpa işləri 1940-cı illərdə rus alimi P.D.Baranovskinin rəhbərliyi ilə aparılıb. Arxeoloji qazıntı işləri zamanı məbəddən 30 metr aralıda daha bir tikilinin – hamamın qalıqları aşkara çıxarılıb. Məbədin həyətində təsərrüfat quyusu və karvansara binasının da yerləri qalmaqdadır. Abidənin ətrafı təmizlənib, dağılmaqda olan divarlardan biri möhkəmləndirilərək konservasiya işləri aparılıb.
Bizans memarlıq üslubunda dairəvi formada tikilmiş məbəd diametri 22 metrə çatan zal ilə əhatələnib. Məbədin daxilində dairəvi formalı sütunlar düzülüb. Tetrakonxun (düzbucaqlı yarımqövs) üzərində tikilmiş günbəz uçub tökülüb. Pilonlarla sütunların kompozisiyası bütünlüklə səkkizguşəli formada olub. Məbədin divarları çaydaşından hörülüb, daxilindəki pilon və sütunlar bişmiş kərpiclə tikilib. Baş tağların və xarici söykənclərin tikintisində yerli əhəngdaşından istifadə olunub.
2012-ci ilin mayında bölgədə baş vermiş zəlzələ zamanı məbədin divarlarında çatlar əmələ gəlib. Abidədə konservasiya işlərinin aparılmasına ehtiyac var.
Nurəddin