Norveçdəki Azərbaycan diasporu, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO), Azərbaycan Gənclər və İdman Nazirliyi Norveç hökumət və qeyri-hökumət təşkilatları ilə birgə bir sıra uğurlu layihələrə imza atıb.
“Saqene Beynəlxalq Festivalı-2012”-nin təşkilatçılarından biri olan NAYO Azərbaycan gəncliyini və mədəniyyətini Norveçdə təbliğ və təmsil etmək üçün Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bir qrup gənc musiqiçi və rəqqaslarımızın bu festivalda iştirakını təmin edib.
Qeyd edək ki, 16 ölkənin yer aldığı festivalda MDB ölkələrindən yalnız Azərbaycan təmsil olunub. NAYO-nun baş katibi Ramil Əliyevin sözlərinə görə, festivalda açılış nitqi söyləyən Oslo şəhərinin Saqene bölgəsinin bələdiyyə sədri Helqe Stoltenberq festivalda iştirak edən ölkələrin Norveçdəki icmalarının Norveç cəmiyyətinin ən aktiv təbəqəsi olduğunu vurğulayıb.
NAYO Norveçdə yaşayan azərbaycanlıları bir yerə toplayaraq mədəni dəyərlərimizi qorumaq və bu ölkədəki Azərbaycan icmaları arasında əlaqələri inkişaf etdirmək məqsədilə “Odlar yurdu Azərbaycan” adlı konsert təşkil edib. Təşkilat həmçinin İsveçdəki Azərbaycan Federasiyası ilə birgə Stokholm şəhərində azərbaycanlıların və əcnəbilərin iştirakı ilə mədəni layihə həyata keçirib.
Qeyd edilən mədəniyyət layihələrində muğamlarımız, xalq mahnılarımız, milli geyim və alətlərimiz Skandinaviya sənətsevərlərinə təqdim olunub. Əməkdar artistlər Gülyaz Məmmədova, Sahib Paşazadə (tarzən), Milli Konservatoriyanın müəllimi, tanınmış kamança ifaçısı Toğrul Əsədullayev, istedadlı ifaçılar Emin Cəbrayılov (nağara), Mehman Nuriyev (klarnet), Səbuhi Ələkbərov (sintezator), rəqqaslarımız Nigar Məmmədova və Anar Şahmuradov milli mədəniyyətimizi layiqincə təmsil ediblər.
Fəxriyyə