Tanınmış uşaq yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin eyniadlı pyesi əsasında Gürcüstanın “BEEZ” Uşaq Teatrında “Qarınqulu ayı balası” tamaşası hazırlanıb. Tamaşanın rejissoru teatrın qurucusu və bədii rəhbəri Binəli İslamoğludur.

Teatrdan verilən məlumata görə, səhnə əsəri balaca aktyorların ifasında hazırlanıb və əsərin başlıca ideyası sevimli heyvanların dili ilə uşaqlara düz danışmağı, dostluğu təbliğ etmək, eləcə də əyləncəli yolla balacalarda həkimə, iynəyə qarşı qorxu hissini götürməkdir.

Tamaşanın yaxın vaxtlarda Gürcüstanın Qardabani rayonunda premyerası olacaq. Səhnə əsəri bu ölkənin digər rayonlarında da nümayiş etdiriləcək.

“Qarınqulu ayı balası” tamaşasının Azərbaycanda da nümayişi nəzərdə tutulub.